- Köhnə - Siyasət
- 27 Sentyabr 2018 17:50
- 7 307
Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.
AzNews.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymərləndirdilər və 2018-ci ilin dekabr ayında Bakıda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.
Həmçinin, tərəflər Bakı Beynəlxalq Humanitar Forumun fikir mübadiləsi və müzakirələr aparmaq baxımından əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı gündəlikdə olan bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir həmçinin BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoratlığını (CTED) rəhbəri Mişel Koninks ilə də görüşüb.
Görüş zamanı CTED nümayəndə heyətinin cari ilin iyul ayında Bakıya səfərinə istinad edilərək, Azərbaycanın Terrorçuluğa qarşı Mübarizə Komitəsinin tövsiyələrinin və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi sahəsində CTED ilə əməkdaşlığı məmnunluqla vurğulanıb. Tərəflər eyni zamanda terrorçuluğa qarşı mübarizə sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə fikir mübadiləsi aparıb.
AzNews.az