Münaqişənin həlli ilə bağlı danışıqlar əvvəlki formada aparılacaq - ŞƏRH

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Bu məlumat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hətta BMT tribunasından maksimal tələblər irəli sürən Ermənistanın yeni rəhbərliyinin mövqeyində hansısa dəyişikliklərinin ilkin xəbərçisi kimi qiymətləndirilir. Qeyd edək ki, Nikol Paşinyan hakimiyyəti ələ keçirtdiyi ilk gündən etibarən münaqişə tərəfinin Ermənistan yox, Dağlıq Qarabağdakı separatçı rejim olduğunu iddia edirdi. Bununla da məsuliyyəti öz boynundan ataraq mövcud formatı dəyişdirməklə prosesi çıxmaza sürükləmək istəyirdi.

Düşənbədə dövlət rəhbərlərinin arasındakı söhbətdə əldə olunmuş razılaşmalar isə Paşinyanın irəli sürdüyü tezislərin doğru olmadığını isbatladı. Göründüyü kimi əldə olunmuş razılaşmalarda əsas tərəf kimi yenə də Ermənistan rəhbərliyi çıxış etdi.

Ermənipərəst mövqeyi ilə seçilən, hər zaman Azərbaycanın haqlı mövqeyini gözardı edən "regnum" portalının siyasi yazarı Stanislav Tarasovun Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasındakı söhbətə dair yanaması da bu baxımdan maraq doğurur.

Onun irəli sürdüyü bəzi tezislərə nəzər salsaq görərik ki, hətta ermənipərəstliyi ilə seçilən ekspertlər də Paşinyanın münaqişə tərəfi kimi separatçı rejimi önə sürməsini doğru saymırlar: "Əldə olunmuş razılaşmanın digər mühüm bəndi tərəflərin danışıqlar və dialoqun davamına bağlılıqlarını elan etməsidir. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar. Paşinyan bəyan edib ki, bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi. "Açıq desək, mən bizim razılıq əldə etdiyimizə çox sevindim" - Paşinyan deyib. Qeyd edək ki, bu Azərbaycanla Ermənistan arasında qarşılıqlı münasibətlərdə irəliləyişdir".

Tarasovun məlum şərhindən də göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin əsas tərəfləri Ermənistan və Azərbaycandır. Paşınyan özü də bunu statusunda etiraf edir və İrəvanın əsas münaqişə tərəfi olduğunu açıq şəkildə bildirir. Qeyd olunanlardan bu nəticəyə gəlmək mümkündür ki, danışıqlar prosesi əvvəlki formatda davam edəcək. Artıq rəsmi İrəvan bütün dünyanın qəbul etdiyi bir prosesə tanınmayan separatçı rejimin daxil edilməsi istəyindən geri çəkilir.

Politoloq Elçin Mirzəbəyli də bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbət rəsmi Yerevanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir. Nikol Paşinyanın görüşdən dərhal sonra böyük sevinc hissi ilə açıqlama verməsi, atəşkəs rejiminə əməl olunması barədə razılığın əldə edilməsi ilə bağlı Bako Saakyana məlumat verməsi Ermənistanın baş nazirinin işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin danışıqlar prosesinə qatılması ilə bağlı mülahizələrini tamamilə təkzib edir. Nikol Paşinyanın bu açıqlaması separatçı rejimin Ermənistan rəhbərliyi tərəfindən idarə olunması faktını bir daha təsdiqləyir. Bu isə danışıqlar prosesinin davam etdirilməsinə maneə yaradan davakar ritorikanı, manipulyativ davranışları, tənzimlənmə prosesinin mahiyyətinə zidd olan əsassız yanaşmaları sıradan çıxarır, Ermənistanın danışıqlar prosesinin əvvəlki formatının dəyişdirilməsi ilə bağlı cəhdlərinə son qoyur.
E.Mirzəbəyli əlavə edib ki, bu söhbət, prinsip etibarilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Nikol Paşinyanın irəli sürdüyü iddiaların beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi, Azərbaycanın mövqeyinin birmənalı şəkildə qəbul edildiyi anlamına gəlir. “Mövcud vəziyyət danışıqlar prosesinin substansiv müstəvidə davam etdirilməsinə imkan yaradır. Ümid edirəm ki, Ermənistan yaranmış vəziyyətdən ciddi nəticə çıxaracaq və Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin tələblərinə əməl edəcək. Bu, Ermənistanın düşdüyü böhran vəziyyətindən çıxması üçün sonuncu şansdır”, - deyə siyasi ekspert vurğulayıb.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev illərin təcrübəsinə əsaslanaraq Ermənistanın yeni baş nazirinə münaqişənin həllində konstruktiv mövqe nümayiş etdirmək, mövcud siyasi, hərbi, iqtisadi, beynəlxalq reallıqları nəzərə alaraq xalqının gələcək inkişafı naminə münaqişəni beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli formada həll etmə üçün daha bir şans verdi. Paşinyanın bu şansdan nə dərəcədə yararlana biləcəyi və danışıqlar posesində İrəvanın hansı mövqeyi sərgiləyəcəyini isə qarşıdakı aylarda biləcəyik. İndi seçim Ermənistanın yeni baş nazirinindir. (hafta.az)

AzNews.az