Həbsdəki REAL sədrindən xəbər var

"İlqar Məmmədov hər həftə mütəmadi olaraq ailə üzvləri ilə görüşür. Həftədə 4 dəfədə vəkilləri ilə görüşməyə icazə var. Bu sahədə hələ ki, heç bir problemlə qarşılaşmamışıq".

Bunu AzNews.az-a açıqlamasında REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun vəkili Xalid Bağırov deyib. O bildirib ki, vəkilləri bir qayda olaraq bütün görüş günlərindən istifadə edir və İ. Məmmədovla əlaqəni kəsmir.

Vəkil sözlərinə görə, REAL sədrinə qarşı irəli sürülmüş yeni ittihamla bağlı müəyyən istintaq hərəkətləri olsa da, bunlar istintaq sirri hesab olunduğu üçün mətbuata açıqlamaq mümkün deyil.

Vəkil onu da qeyd edib ki, Avropa Məhkəməsi Azərbaycan məhkəmələrinin İ. Məmmədova həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı çıxardığı qərarın cavabını almaq üçün iyunun 18-ə qədər hakimiyyətə möhlət verib: "Biz də hakimiyyətin Avropa Məhkəməsinə verəcəyi cavabı gözləyirik. Hələ ki, bu məsələ ilə bağlı da yeni bir məlumat yoxdur".

Qeyd edək ki, İ.Məmmədova qarşı CM-in 233.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib, əvəzində 220.1-ci (zorakılıqların, talanların yanğınların törədilməsi əmlakın məhv edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməklə müşayiət olunan kütləvi iğtişaşlar törətmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

Anar
AzNews.az