"Görünür məni özünlə dəyişik salmısan" "Görünür məni özünlə dəyişik salmısan"

“Sirus Təbrizli, mən sənin uydurduğun Yaqub Mahmudov deyiləm“

"Görünür məni özünlə dəyişik salmısan"




Milli Məclisin deputatı, Azərbaycanlın Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun direktoruYaqub Mahmudov hakim Yeni Azərbaycan Partiyasının (YAP) əsas qurucularından olan Siruz Təbrizlinin haqqında səsləndirdiyi ittihamlara sərt cavab verib.

Deputat-ın Modern.az-a verdiyi eksklüziv açıqlamanı olduğu kimi təqdim edirik:

"Sirus Təbrizli gündəmə gəlmək üçün sola-sağa çirkab atmağa başlayıb. Heç bir əsası olmadan 1991-ci ildə Heydər Əliyevə qarşı müraciətdə guya mənim də imzamın olması barədə kütləvi informasiya vasitələrində yalan "açıqlama" yayıb. Məni yaxından tanıyanlar kim olduğumu yaxşı bilirlər. Tanımayanlara isə Sirus Təbrizlinin bu uydurma açıqlaması barədə tam məsuliyyətlə aşağıdakıları bildirirəm: Sirus Təbrizlinin bu "açıqlaması" açıqlama deyil, çirkin məqsəd güdən sayıqlamadır, şər və böhtandır.

Sirus Təbrizli! Mən sənin uydurduğun Yaqub Mahmudov deyiləm. Görünür məni özünlə dəyişik salmısan! Mən o Yaqub Mahmudovam ki, bütün təzyiqlərə baxmayaraq Heydər Əliyevə qarşı sənin nəzərdə tutduğun 1991-ci il müraciətinə imza atmamışam. Həmin müraciət o dövrün mətbuatında da dərc olunub (Bax: "Xalq qəzeti", 10 sentyabr 1991-ci il, № 177). Lakin mən bu yazıda həmin müraciəti imzalayanların adlarını elan etmək istəmirəm. Çünki onların bir çoxu dünyasını dəyişib, bəziləri isə ömürlərinin ixtiyar çağını yaşayırlar. Maraqlananlar və sənin "sensasiyon" böhtanını yayan KİV-in nümayəndələri həmin adların siyahısı ilə tanış ola bilərlər. Məsləhət görürəm ki, bu müraciətin altında imza atanların siyahısına sən özün də təkrar bax, amma bu dəfə diqqətlə bax! Əminəm ki, mənim adımı görməyəndə heç olmasa böhtanına görə ən azı xəcalət çəkəcəksən. Onda aydın olar ki, böhtançı kimdir, üstünə çirkab atılan kim?!

Sirus Təbrizli! Axı sən bilməmiş deyilsən ki, o zamankı hakimiyyətin təzyiqi ilə bir qrup Universitet aliminin 1991-ci ildə imzaladığı müraciətdə mənim adım yoxdur! Və ola da bilməzdi! Çünki mən bu müraciət imzalanandan bir il əvvəl – 1990-cı ildə Tarix fakültəsinin dekanı olarkən Azadlıq hərəkatının fəalları olan bir qrup tarixçi tələbənin Universitetdən qovulmasının qarşısını almış, tələbələrimin Universitetdə qalması xatirinə özüm dekan vəzifəsindən istefa vermişdim. O zamankı hakimiyyətin nəzarəti altındayıdım. Və müntəzəm olaraq təqib olunurdum! Yadınıza salıram, mən həmin Yaqub Mahmudovam ki, Yeni Azərbaycan Partiyası yaradılarkən "Səs" qəzetində Heydər Əliyevin müdafiəsinə qalxdım. 1992-ci il noyabrın ilk günlərində Naxçıvana getdim. Universitetdə keçirilən yığıncaqda Heydər Əliyevi müdafiə etdim. Çıxışım "Blokada" filminə daxil edildi. 1993-cü ildə Heydər Əliyevin prezidentliyə namizədliyi irəli sürülərkən Akademiyadakı görüşdə ziyalılar adından çıxış etdim. YAP-ın I qurultayında da çıxış etdim. Siyasi Şuranın üzvü seçildim. Nəhayət, mən o Yaqub Mahmudovam ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqlarım bərpa olunaraq yenidən dekan vəzifəsinə qaytarıldım. Bəs necə oldu, Sirus Təbrizli bütün bunları unutdu! Əgər mən Heydər Əliyevə qarşı 1991-ci il müraciətini imzalamış olsaydım tərcümeyi-halımdakı bütün bu dəyişikliklər necə baş verə bilərdi?!

Sirus Təbrizli! "Sensasiyon" böhtanında açıqladığın kimi, səni qıcıqlandıran mənim ssenari müəllifi və aparıcı olduğum "Dahi azərbaycanlı" sənədli filmidir. Qıcıqlanma! Başqaları da qıcıqlanmasınlar! Mən, sadəcə olaraq, Heydər Əliyevlə bağlı əqidə və sədaqət borcumu yerinə yetirirəm. Buna mənim mənəvi haqqım və ciddi əsaslarım var. Mən, səndən fərqli olaraq, Heydər Əliyevi 1957-ci ildən – Universitetin Tarix fakültəsinin tələbəsi olduğumuz illərdən tanıyıram. Onun milli əhval-ruhiyyəli tələbələri, o cümlədən tarixçi gəncləri necə müdafiə etməsinin şəxsən şahidiyəm. Heydər Əliyev məni 1969-1971-ci illərdə o zamankı çuğulların böhtanlarından, təqiblərdən qoruyub. Tutulmaq təhlükəsi ilə üz-üzə qalarkən məni Azərbaycan KP MK Bürosunun qərarı ilə Ensiklopediyaya elmi işlər üzrə Baş redaktor müavini vəzifəsinə göndərib və yenə də qoruyub!

Sirus Təbrizli! Mən sənin də çörəyini yediyin və suyun içdiyin ölkənin ilk tarix xəritələrini buraxan Yaqub Mahmudovam. Heydər Əliyev həmin xəritələrə və "Ata yurdu" dərsliyimə görə qonşu ölkədən notalar dalınca notalar göndəriləndə məni "Azərbaycanın böyük alimi və böyük tarixçisi" kimi qiymətləndirərək müdafiə edib. Bütün bunları mən heç zaman unutmuram və buna görə hələ sağlığından başlayaraq onun barəsində 4 kitab və yüzlərlə məqalə yazmış, çoxsaylı müsahibələr, intervyülər vermiş, radio və televiziyada çoxsaylı çıxışlar etmiş, ən yaxşı kitablarımı ona həsr etmişəm. "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabım xarici dillərdə də nəşr olunub. Böyük qürur hissi keçirirəm ki, xalqımın dahi oğlu barədə sənədli televiziya filmi çəkilməsinə də nail oldum. İndidən sonra da bu yolu davam etdirəcəyəm!

Nəhayət, mən hər hansı bir uğurlu addım atarkən böhtan atəşinə tutulmağa adət etmişəm. Ənənəvi şər atanları və atdıranları, paxılları və arxadan zərbə vuranları da yaxşı tanıyıram. Ancaq, doğrusunu deyim, Sirus Təbrizlinin də onların sırasında olacağı heç ağlıma da gəlməzdi. Neyləmək olar!? Tanrı hərəyə bir cür ömür payı qismət edib. Kimin necə ömür sürdüyünü xalq hamıdan yaxşı görür".

AzNews.az