“Əvvəllər 2 üzvü olan hansısa partiya da namizəd çıxarmaq fikrinə düşürdü, indi isə...” “Əvvəllər 2 üzvü olan hansısa partiya da namizəd çıxarmaq fikrinə düşürdü, indi isə...”

Milli Şura müxalifətin ən böyük birliyi ola biləcəkmi? - RƏYLƏR

“Əvvəllər 2 üzvü olan hansısa partiya da namizəd çıxarmaq fikrinə düşürdü, indi isə...”



"Milli Şura kifayət qədər güclü və təsir imkanlarına malik bir qurum olacaq"

Milli Şuranın təsisçilərinin, əsasən də Eldar Namazovun dilindən ən çox səsləndirilən fikirlərdən biri də budur ki, bu qurum təsis ediləcəyi təqdirdə Azərbaycan müxalifətinin bu günə qədər yaratdığı siyasi blokların içində ən böyüyü olacaq. Bəs, bu iddiada həqiqət varmı? Son 20 ildə Azərbaycan müxalifətinin Demkonqres, SİDSUH, "Bizim Azərbaycan", "Azadlıq", "Qarabağ və Respublika uğrunda", İctimai Palata və s. adlar altında yaranan onlarla siyasi blokları və onların fəaliyyətini xatırlasaq, Milli Şuranın "ən böyük"lük iddiası həqiqətən də maraqlı görünür.

Bu məsələ ilə bağlı münasibətini öyrəndiyimiz "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev AZNEWS.AZ-a açıqlamasında bildirdi ki, Milli Şuranın bu günə qədər Azərbaycanda yaranan müxalif birliklərdən fərqi odur ki, bu ideya daha geniş əhatə dairəsinə sahibdir: "Milli Şura ideyası təkcə müxalifətin birliyi deyil, bu, bir növ vətəndaş birliyi ideyasıdır".

M.Əliyevin fikrincə, bu qurumun təsisçiləri və nəzərdə tutulan üzvlərinin kimliyinə göz gəzdirdikdə aydın olur ki, burada təkcə siyasi müxalifət yox, həm də ölkənin tanınmış ziyalıları, ictimai xadimləri, ədəbiyyatçıları və s. iştirak edir: "Bu baxımdan Milli Şuranın bu günə qədər ölkədə yaranan siyasi blok və birliklərdən daha geniş çərçivəyə sahib olduğunu demək mümkündür".

Müsahibimiz bildirir ki, bu ilki prezident seçkilərində ölkədə fəaliyyət göstərən siyasətçilərin hamısının prosesə münasibəti dəyişib. Artıq hər kəs ölkədə dəyişiklik naminə iddialarından bir addım geri çəkilməyə hazırdır: "Əvvəllər 2 üzvü olan hansısa partiya da namizəd çıxarmaq fikrinə düşürdü, indi isə hamı siyasi dəyişikliklər naminə güzəştə getməyə hazır görünür".

Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı AZNEWS.AZ-a bildirdi ki, ciddi bir qurum yaratmaq təşəbbüsü var: "Milli Şuranın təşəbbüskarları istəyirlər ki, müxalifətin bu günə qədər yaranmış ən böyük birliyini yaratsınlar. Məqsəd və məram budur. Ancaq güclü olacaq, yoxsa ola bilməyəcək, bunu zaman göstərəcək".

A.Hacılının sözlərinə görə, Azərbaycan müxalifətinin elitası, tanınmış ziyalılar, milli demokratik düşərgəyə aid olan bir çox şəxslərin Milli Şurada təmsil olunması planlaşdırılır: "Bu plan gerçəkləşdirilsə, Milli Şura kifayət qədər güclü və təsir imkanlarına malik bir qurum olacaq".

Müsavat funksioneri hesab edir ki, əvvəlki illərlə müqayisədə ölkədə çox şey dəyişib. Buna görə də hətta müxalifətin əvvəlki birliklərində iştirak etməyən şəxslər də Milli Şurada təmsil olunmağa razılıq veriblər: "Əvvəla, ölkədə qüvvələr nisbəti dəyişib, Azərbaycan hökumətinin cəmiyyətə qarşı aqressivliyi və buna münasib olaraq da, Azərbaycan hakimiyyətinin dəyişməsini istəyən insanların sayı artıb."

A.Hacılının fikrincə məhz buna görə, hətta bir neçə il öncə YAP hakimiyyətinin güclənməsinə xidmət verən şəxslər də Milli Şuraya qoşulmaq və demokratik prosesə öz töhfəsini vermək istəyir.

Hakimiyyət rəsmiləri isə Milli Şuranın da müxalifətin digər birlikləri kimi uğursuzluğa məhkum olduğunu və cəmiyyətdə heç bir sosial dayağa sahib olmadığı üçün fiaskoya uğrayacağını iddia edirlər. Maraqlı məqam isə bundan ibarətdir ki, bu cür düşünənlər elə, müxalifət düşərgəsi daxilində də yetərincədir. Onların bir çoxu bu düşüncələrini açıqca bildirsə də, əksəriyyəti Milli Şura ilə bağlı ümidsizliklərini üstüörtülü dilə gətirirlər.


Milli Şuranın müxalifətin həqiqətən də ən böyük birliyi olub-olmayacağını öyrənmək üçün isə bir ay gözləmək bəs edəcək. Rüstəm İbrahimbəyovun "Milli Şuranı bir həftəyə elan edəcəyik" bəyanatını ciddiyə alsaq, iddia etmək olar ki, iyun ayının sonlarına qədər Milli Şuranın real gücü və Azərbaycan hakimiyyətinə təsir mexanizmlərinin olub-olmayacağı tam şəkildə meydana çıxacaq.

Anar
AzNews.az