“Ermənistan vaxt uzatmaq taktikasını seçib“- İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev 28 may Respublika Günü ilə bağlı təşkil olunmuş rəsmi qəbuldakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

APA-nın xəbərinə görə, prezident bu məsələnin ədalət, beynəlxalq hüquq məsələsi olduğunu deyib: "Əfsuslar olsun ki, bu istiqamətdə irəliləyiş yoxdur və bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatlarına əməl etmir, status-kvonu mümkün qədər çox saxlamaq, dəyişməz olaraq saxlamaq istəyir. Danışıqlarda özünü səmimi aparmır, yalan bəyanatlarla, riyakar davranışla fərqlənir. Beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir və məsələ ilə bağlı olan vasitəçi qurumların tələblərinə əməl etmir".

Məsələ ilə bağlı Azərbaycanın çoxsaylı səylərinin cavabsız qaldığını deyən ölkə başçısı ölkəmizin 2009-cu ilin sonunda Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərinə öz razılığını verdiyini xatırladıb. "Azərbaycan hesab edib ki, bu prinsiplər böyük sülh müqaviləsi üçün əsas ola bilər. Təklif edib ki, yubanmadan, vaxt itirmədən böyük sülh müqaviləsi üzərində iş aparılmalıdır. Ermənistan o təklifləri rədd edib. Ondan sonrakı dövr ərzində bütün imkanlarını səfərbər edib ki, danışıqlarda bax bu durğunluq vəziyyəti yaransın və möhkəmlənsin".

Prezident Azərbaycanın danışıqların aparılmasında maraqlı olduğunu, ancaq danışıqların mahiyyət üzrə aparılmasının vacibliyini də vurğulayıb: "Azərbaycan məsələnin həllində ən maraqlı tərəfdir. Ermənistan sadəcə çalışır ki, vaxtı uzatsın. Əgər Ermənistanın maraqlarını onların siyasətçiləri nəzərə alsalar, görərlər ki, vaxt uzatmaq onları daha da ağır vəziyyətə salacaq. Ancaq buna baxmayaraq, bu, taktiki gedişlərdir. Ermənistan vaxt uzatmaq taktikasını seçib, danışıqlar naminə danışıqlar aparmaq fikrindədir".

Prezident bildirib ki, vasitəçilərin əsas fəaliyyəti atəşkəsi saxlamaqdan ibarətdir: "Biz də atəşkəsi saxlamaq istəyirik. Ancaq, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasını istəyirik, bunu tələb edirik. Beynəlxalq hüquq bunu tələb edir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri bunu tələb edir. Ona görə Azərbaycanın maraqları burada müəyyən dərəcədə fərqlənir. Biz də istəyirik ki, sülh olsun. Biz də istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, amma həll edilsin. Ermənistan məsələnin həlini istəmir. Status-kvonu, yenə də deyirəm, nə qədər çox saxlaya bilsə, o qədər də saxlamaq istəyir. Vasitəçilər də əfsuslar ki, son zamanlar etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində vəziyyətin sabitləşdirilməsi və bilavasitə danışıqların mahiyyətinə aid olmayan digər məsələlərlə daha çox məşğul olurlar.
Bu vəziyyət dözülməzdir, qəbuledilməzdir, dəyişdirilməlidir. Əgər danışıqlar aparılacaqsa, mahiyyət üzrə aparmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir".

Prezident Dağlıq Qarabağda yaşayan və münaqişə həll olunandan sonra oraya qayıdacaq vətəndaşların gələcəyi ilə bağlı məsələdən də danışıb: "Dünyada müsbət təcrübə, muxtariyyətlər, o cümlədən Avropa qitəsində müsbət təcrübələr var. Bax, bu təcrübədən kənara çıxmadan özünüidarəetmə prinsipi həllini tapa bilər".

İlham Əliyev Dağlıq Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olduğunu bir daha vurğulayıb: "Həmişə belə olub. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaq və ola da bilməz".

Prezident deyib ki, məsələnin həllində seçim o qədər də çox deyil: "Ya hərb yolu, ya sülh yolu! Biz hər iki varianta hazırıq. Hərb yolunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi özünümüdafiə imkanlarını bizə tanıyır və beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərdə Azərbaycan istənilən vaxt istənilən əməliyyatı apara bilər. Sadəcə olaraq, biz hələlik çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Hesab edirəm ki, bu istiqamətdə imkanlar hələ tam tükənməyib. Məsələni sülh yolu ilə tezliklə və ədalətli şəkildə həll etmək üçün biz öz səylərimizi daha da gücləndirməliyik. Xarici, daxili siyasətlə, iqtisadi sahə ilə bağlı biz daha da güclü olmalıyıq və oluruq".

Prezident deyib ki, Ermənistan bundan sonra da bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə saxlanmalıdır: " Bu taktika və bu siyasət öz bəhrəsini verir. Ermənistanın öz rəsmi statistikasına görə, hər il o ölkəni 80-100 min adam tərk edir, həmişəlik tərk edir. O ölkədə depopulyasiya meylləri güclənir, demoqrafik böhran yaşanır. Bu böhran getdikcə dərinləşəcək. Çünki əmək qabiliyyətli nə qədər çox insan oradan çıxırsa, iqtisadiyyatın dirçəlməsi imkanları da o qədər azalır. İqtisadiyyatın dirçəlməsinə gəldikdə isə, ümumiyyətlə belə perspektivlər yoxdur. Orada tamamilə staqnasiya dövrü yaşanır".

Prezident Ermənistanın təcrid vəziyyətində saxlanılmasının davam edəcəyini bildirib: "Bütün imkanlardan istifadə edib daha da böyük potensial əldə etməliyik. Bu potensial həm də hərbi potensialdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Dəfələrlə bunu göstərmişik, hərbi paradlarda nümayiş etdirilib, yenə də nümayiş etdiriləcək.
Bizim xarici siyasətimiz öz bəhrəsini verir. Son on il ərzində ikitərəfli formatda görüşdüyüm dövlət başçılarının mütləq əksəriyyəti ilə imzalanmış yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü prinsipləri əks olunub".

Prezident Azərbaycanın iqtisadi sahədə islahatları gücləndirməsinin vacibliyini bildirib: "Hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz daha da güclü olacaq. Əgər bir qədər qabağa baxsaq, demoqrafik vəziyyət də öz müsbət rolunu oynayacaq və artıq oynayır. Bu gün Azərbaycan əhalisi 9 milyon 500 minə yaxınlaşır. Ermənistanda isə 2 milyondan az əhali yaşayır. Əgər bizim əhalimiz bu templərlə artsa, Ermənistan əhalisi azalsa, təqribən 5-7 ildən sonra bizim əhalimiz on dəfə çox olacaq. Bu da özlüyündə bir güc mənbəyidir. Azərbaycanın uğurlu iqtisadi siyasətini, enerji siyasətini nəzərə alsaq, hesab edirəm ki, biz istədiyimizə nail olacağıq".

Prezident deyib ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti Dağlıq Qarabağ məsələsinin tezliklə həllini tapması üçün bütün imkanları səfərbər edib.

AzNews.az