Elmar Məmmədyarov Braziliya nümayəndə heyətini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Konqresinin Deputatlar Palatasının Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov son illər Azərbaycanla Braziliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirildiyini və bu məsələdə parlament diplomatiyasının xüsusi yer tutduğunu bildirdi. Nazir Braziliyada Azərbaycan səfirliyinin açılması, hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasının ikitərəfli əməkdaşlığa böyük töhfələr verəcəyinə əmin olduğunu qeyd edib.

Ölkəmizi "Respublika günü" münasibətilə təbrik edən Nelson Pelleqrino, qəbula və qonaqpərvərliyə görə nazir Elmar Məmmədyarova təşəkkürünü bildirib. Braziliya Konqresinin Deputatlar Palatasının Komitə sədri Nelson Pelleqrino Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini və BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini dəstəklədiklərini bildirib.

Nazir Elmar Məmmədyarov braziliyalı rəsmiyə ölkəsinin mövqeyinə görə təşəkkür edərək, iki ölkə arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün hüquqi bazanın genişləndirilməsini, eləcə də investisiyaların qorunması və ikiqat vergitutmadan azad olunma haqqında sazişin imzalanmasının vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin kənd təsərrüfatı, o cümlədən süd, qida və yeyinti məhsulları, eyni zamanda alternativ və bərpa olunan enerji sahələrində Azərbaycanla Braziliya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az