Milli Şurada qalmaqal: “Mən iclası tərk edəcəm”- YENİLƏNİB

Milli Şuranın sessiyası sona çatdı


İ.Qəmbərin təklifi ilə 3 nəfərdən ibarət say komissiyası yaradıldı ki, MŞ-in iclasında qalan şəxslərin sayı müəyyənləşdirilsin.

Say komissiyası sessiyada 74 nəfər MŞ üzvünün olduğunu bildirdi. İ.Qəmbər bu sayın səsvermə üçün yetərli olduğunu söylədi.

Ardınca Bakı Kəndlər Birliyinin rəhbəri Hacı Əmrulla Dadaşovun MŞ-ə qəbul edilməsi səsverməyə qoyuldu və səsçoxluğu ilə qəbul edildi. Birliyin digər üzvləri Məşədi Vaqif Pənahov da MŞ-ə qəbul edildi.

Birliyin digər üzvü İlqar Abbasovun MŞ-ə qəbul edilməsi məsələsi müzakirə olunarkən, Sülhəddin Əkbər etirazını bildirdi: "Belə çıxır ki, hər dəfə kimsə 20 nəfər gətirib, MŞ-ə qəbul olunacaq? Mən bu məsələnin qəti əleyhinəyəm. Əgər belə davam edərsə, mən iclası tərk edəcəm. Gələn dəfə mən də 20 adam gətirəcəyəm, onlar da MŞ-ə üzvlüyə qəbul edilsinlər".

İ.Qəmbər isə ona bildirib ki, "iclası tərk edəcəm" kimi fikirlər səsləndirmək xoş deyil.

M.Mirəlioğlu isə deyib ki, söhbət yalnız Birliyin MŞ-ə qəbul olunan üzvlərinin namizədliyininm səsə qoyulmasından gedib, İlqar Abbasovun şuraya qəbul edilməsi məsələsi müzakirə edilməyib.

İ.Qəmbər İ.Abbasovdan xahiş etdi ki, bir nəfərə görə MŞ-də ziddiyyət yaranmaması üçün namizədliyini dayandırsın və onun namizədliyi növbəti sessiyada müzakirəyə çıxarılsın.

Müsavat başqanı bunun ardınca İ.Həmidovun MŞ-ə qəbul edilməsini təklif etdiyi Qarabağ döyüşçüsü, tanınmış vəkil Yavər Hüseynlinin MŞ-ə üzv qəbul edilməsi məsələsinin müzakirəyə çıxarılmasını istədi. Məsələ səsverməyə qoyularaq qəbul edildi və Hüseynli də MŞ üzvlüyünə qəbul edildi.

Beləliklə, MŞ üzvlərinin sayı 131-ə yüksəldi.

İ.Qəmbər yekun çıxış edərək, Millli Şuranın ilk iclasını sona çatdırdı.

***
14:20
Milli Şurada İsgəndər Həmidovla İsa Qəmbər arasında gərgin anlar

Bakı Kəndlər Birliyinin nümayəndələri Milli Şuraya onların da qəbul edilməsi barədə Şura üzvlərinə müraciət etdilər.


AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər buna etiraz etmədiklərini, məsələnin səsverməyə qoyula biləcəyini bildirdilər.

E.Quliyev də bildirdi ki, R.İbrahimbəyovla danışıb və onun da bu məsələylə bağlı etirazı yoxdur: "Rüstəm müəllim Bakı Kəndlər Birliyinin MŞ-də olmağından məmnun olacağını bildirdi".

"Bozqurdçu" İsgəndər Həmidov isə tələb edib ki, Qarabağ döyüşçülərini də Milli Şuraya qəbul etsinlər: "Keçən dəfə bir neçə Qarabağ döyüşçüsü qapıda qalmışdı. Mən təklif edirəm ki, bu məsələ səsə qoyulsun, münasibət bildirilsin, biz də konkret işimizi bilək".

Bakı Kəndlər Birliyinin rəhbəri Hacı Əmrulla Dadaşov Milli Şuraya qəbul edilməmələrinə etiraz edərək bildirdi ki, onlar sonradan yox, məhz MŞ-in təsis konfransında iclasda olmalı idilər: "Biz siyasi proseslərə yeni qoşulmamışıq. İllərdir bu prosesin içindəyik".

İ.Qəmbər qeyd olunan məsələlərin səsverməyə çıxarılması üçün say tərkibinin müəyyənləşdirilməsini təklif etdi. O dedi ki, əgər MŞ-in saytərkibi yetirlidirsə, bu məsələləri indi səsverməyə çıxaraq, əks halda isə təklif MŞ-in iyunun 28-dəki sessiyasına saxlanılsın.

İ.Həmidov isə buna etiraz edərək dedi ki, Milli Şuranın iclası öz-özünü inkar edir: "Biz bundan əvvəl qəbul edilən qərarlarda say tərkibini müəyyənləşdirməmişik. İndi isə bizim təklifimiz səslənən kimi belə bir təklif edirsiniz".

İ.Qəmbər ona cavabında deyib ki, MŞ-in sessiyası prosedura uyğun olub və iclas başlamazdan əvvəl yetərsay formalaşdırılıb, hər kəs siyahıya alınıb.

M.Mirəlioğlu isə bildirdi ki, MŞ-ə qəbul olunması təklfi edilən şəxslər təkcə indi qeyd olunanlar deyil: "Başqa adamlar da var ki, onlar da MŞ-də təmsil olunmaq istəyirlər və onların namizədliyi təklif edilir. Əgər bu məsələlər səs qoyulursa, həmin adamların da MŞ-ə qəbul edilməsi məsələsi səsverməyə çıxarılmalıdır".

***
13:31


İsa Qəmbər Milli Şuranın qəbul etdiyi qərarı dəyişdirdi – QALMAQAL

Keçmiş deputat Gültəkin Hacıbəyli komissiyaların tərkibində qadınların az olmasına etirazını bildirib. O deyib ki, qadınlardan sənəddə təkcə onun adının olması narahatlıq doğurur.

Komissiyaların sayının çoxluğu barədə danışan İ.Qəmbər siyahını hazırlayarkən onlarda da belə bir narahatlıq olduğunu bildirdi: "Təklif edirəm, Eldar müəllimə səlahiyyət verək ki, hansı məsələlərdə sənəd hazırlamaq lazımdırsa, o məsələ ilə bağlı özü müəyyən adamlarla müzakirələr aparsın. Komissiyaların sayı məsələsi yenidən icra aparatının sədri ilə müzakirə olunsun və növbəti sessiyada təsdiqlənsin".

E.Namazov bildirib ki, bu komissiyalar bir neçə adamın kabinetdə hazırladığı siyahı deyil: "Komissiyaların müzakirəsi ictimaiyyətlə müzakirə olunub. MŞ-in bütün tərkibinin mövqeyini ifadə edən siyahıdır. Milli azlıqlarla görüşmək, şimala, cənuba getmək lazımdır. Bu komissiyanın yaranma zərurəti buradan yaranıb. MŞ-lə bağlı konkret iş görmək istəyən adamların təşəbbüsü ilə bu komissiyalar yaradılıb. Mənə elə gəlir ki, bu cür təkliflərə müsbət yanaşmaq lazımdır".


İsa Qəmbərin "Komissiyaların sayı məsələsi yenidən icra aparatının sədri ilə müzakirə olunsun və növbəti sessiyada təsdiqlənsin" təklifi narazılıqla qarşılandı. Sülhəddin Əkbər hesab edir ki, bu, Milli Şuranın öz qərarlarına hörmətsizliyidir: "Biz bir az öncə qəbul etdiyimiz qərarı indi yenidən təxirə salır, dəyişirik. Belə olmaz, sonra o komissiyaların tərkibinə daxil edilən, özünə hörmət edən adamlar orada olmaqdan imtina edəcəklər".

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə deyib ki, komissiyaların sayının çoxluğu problem deyil, problem onların fəaliyyətinin olub-olmayacağıdır.

İ.Qəmbərin təklifi səsə qoyuldu və qəbul edildi. Beləliklə, MŞ-in komissiyalarının tərkibinin təsdiqlənməsi məsələsi qurumun növbəti sessiyasına saxlanıldı. Qərara alındı ki, komissiyaların tərkibi icra aparatının rəhbəri ilə yenidən müzakirə olunacaq və yekun qərar veriləcək.

İsa Qəmbər təklif etdib ki, keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması üzrə işçi qrupu yaradılsın və bu iş Ənnağı Hacıbəyliyə tapşırılsın. O, Ə.Hacıbəylidən bu işi öz öhdəsinə götürsün.

Ə.Hacıbəyli bu təıklifi qəbul etdi. Ardınca Müsavat başqanının təklifi səs qoyuldu və qəbul edildi. İsa Qəmbər "nəhayət bir komissiyanı yarada bildik" deyərək, qərarın qəbuluna replika ilə münasibət bildirdi.


***
12:54

Cəmil Həsənli ilə Eldar Namazov arasında mübahisə düşdü

Tarıxçi alim Milli Şuranın komissiyalarını tənqid etdi


Qurumun üzvü Cəmil Həsənli deyib ki, Milli Şuranın bu qədər komissiyalara ehtiyaca yoxdur: "Sosial siyasətlə iqtisadi komissiyanı birləşdirmək daha yaxşı olar. Hüquq komissiyası, Konstitusiya islahatları və keçid dövrü öhdəliklərinin hazırlanması üzrə komissiyalar üç ayrı ad altında yaranıb. Bunların hamısını birləşdirmək də olar. MŞ-də ekologiya komissiyası yaratmağa nə ehtiyac var? MŞ-in ekologiya ilə məşğul olmağa vaxtı olmayacaq?".

C.Həsənli deyib ki, milli azlıqlar Azərbaycan cəmiyyətinin tərkib hissəsidir, buna görə də onlar üçün ayrıca komissiya yaratmağa ehtiyac yoxdur.

Tarixçi-alim çıxışında ümumilikdə Milli Şuranın komissiyalarını tənqid edib. O, bir çox komissiyaların ləğv edilib, digərləri ilə birləşdirilməsini təklif edib.

E.Namazov deyib ki, komissiyaların əsas işi Milli Şuranın Etimad Hökumətinə əsaslı konsepsiya hazırlamalı və keçid dövründə atılacaq təxirəsalınmaz addımları müəyyənləşdirməkdir: "Bu komissiyalar keçid dövrü üçün müxtəlif proqramlar, layihələr hazırlamalıdırlar. Buna görə də komissiyaların sayını azaltmaq düzgün deyil. Biz Milli Şuranın "kölgə kabineti"ni yaratsaydıq bu barədə düşünər, komissiya saylarını daha kompakt edərdik. Ancaq bütün lazımlı sənədlər ən qısa zamanda – bir ay ərzində görülməli olduğu üçün komissiyaların sayı azaldılmamalıdır".
E.Namazov təklif edib ki, hətta komissiyaların sayını biraz da artırmaq, buraya təkcə MŞ üzvlərini deyil, cəmiyyətin digər fəal və peşəkar kadrlarını da cəlb etmək lazımdır.

Ənnağı Hacıbıbəyli də seçki komissiyalarının sayını azaldılmasını təklif edib. O deyib ki, Milli Şuranın o qədər gücü yoxdur ki, bu güc parçalansın.

Hüquqşünas deyib ki, keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması üzrə işçi qrupuna onun rəhbər kimi yazılmasına razılıq verməyib: "Məndən bu barədə razılıq alınmayıb. Digər tərəfdən də biz sizə sizdən xəbərsiz hansısa öhdəliklər yaza bilmərik. Burada sizin özünüzün bilavasitə iştirakınız vacibdir. "

Ə.Hacıbəylinin sözlərinə görə, vahid namizədlə bağlı seçki qanununda bir sıra qadağalar var ki, bu məsələlər R.İbrahimbəyovla aid edilə bilər: "Orada ikili vətəndaşlıq, ölkə xaricində yaşamaq və başqa dövlətlə bağlı öhdəçiliyinin olması məsələləri var. Mən çox narahatam ki, MŞ-in vahid namizədi də bu qadağalara görə qeytiyyata alınmasın müxalifət bütövlükdə seçkidən kənarda qalsın".


***
12:54

Milli Şuranın komissiyaları müəyyənləşdi

MŞ-in icra aparatının rəhbəri Eldar Namazov deyib ki, yaxın günlərdə Milli Şuranın məşvərət şurası da yaradılacaq. Onun sözlərinə görə, yaxın günlərdə MŞ-in sədri bu barədə sərəncam imzalayacaq: "Bugünki iclasın gedişatı da Rüstəm müəllimin müəyyən etdiyi məsələlər üzrə aparılır. Növbəti iclas da belə olacaq".

E.Namazov deyib ki, yaxın zamanlarda MŞ-in seçki qərargahı yaradılacaq: "Biz ən yaxın zamanda vahid namizədimizi də elan etməliyik".

E.Namazov deyib ki, bu gün mətbuata təqdim olunan komissiya hələ tam deyil: "Siyahının üzərində hələ də iş gedir və ola bilsin ki, müəyyən dəyişikliklər edilsin".

İcra aparatının rəhbəri deyib ki, MŞ-in platformasının əsas bazası bir müddət əvvəl ölkənin tanınmış hüquqüşasları tərəfindən hazırlanmış və MŞ-in üzvü Ənnağı Hacıbəylinin onlara təqdim etdiyi Memorandum əsasında hazırlanacaq: "MŞ-ə yeni sənəd hazırlamaq lazımdır. Ancaq bu sənəd həmin memorandumun əsasında hazırlanacaq".

E.Namazov təklfi edib ki, sessiyada hər bir komissiya ayrı-ayrı səsə qoyulmasın və ümumilikdə səsverməyə çıxarılsın.

Sənəd səsə qoyularaq qəbul edildi.

Milli Şuranın komissiyası və komitələrini təqdim dirik:


1. İqtisadiyyat komissiyası - Qubad İbadoğlu

2. Sosial Siyasət komissiyası - Eldar Əliyev

3. Din və Milli azlıqlarla iş üzrə komissiyası- Eldəniz Quliyev

4. Hüquq komissiyası - Vidadi Mirkamal

5. KİV-lə əlaqə və informasiya komissiyası - Rahim Hacıyev

6. İctimai əlaqələr komissiyası - Mehman Əliyev

7. Beynəlxalq əlaqələr komissiyası - Gültəkin Hacıbəyli

8. Elm və təhsil komissiyası - K.V. Nərimanoğlu

9. Mədəniyyət komissiyası - Rövşən Almuradlı

10. Konstitusiya islahatları komissiyası - Qulamhüseyn Əlibəyli

11. Seçki məsələləri üzrə komissiyası - Gülağa Aslanlı

12. Kütləvi tədbirlər (mitinq) komissiyası - AXCP, Müsavat

13. Ehtiyatda olan hərbçilər və hərbçilərin sosial müdafiəsi komissiyası - Yaşar Cəfərli

14. Ekologiya komissiyası - İlham Murtuzayev

15. Yerli özünü idarəetmə komissiyası - Bəybala Əbil

16. Etika komissiyası - Nürəddin Mustafayev

17. Keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında snədin hazırlanması üzrə işçi qrupu -
Ənnağa Hacıbəyli

***
12:06

"Belə davam etsə, biz heç nə əldə etməyəcəyik"

KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında iyunun 24-də AXC lideri Əbülfəz Elçibəyin doğum günü münasibətilə MŞ üzvlərini onun məzarını ziyarət etməyə dəvət edib.

O bildirib ki, 1992-ci ildən bu yana Elçibəyin sözlərinə heç kim qulaq asmadı. Nəhayət, iyunun 7-də Milli Şura təsis edildi. M.Mirəlioğlunun sözlərinə görə, 25 ildir danışan siyasətçilər qarşılıqlı ittihamı bir kənara qoyub, səmimi olduqlarını əməlləri ilə ortaya qoymalıdırlar: "Mirmahmud-Əli, Əli - Mirmahmud münasibətləri davam edəcəksə, dəyişməyəcəksə, biz heç nə əldə etməyəcəyik. Mən ərk edib, Əli bəyin adını çəkdim. Üzr istəyirəm".

Müsavat partiyasının sədri İsa Qəmbər Mirmahmud Mirəlioğlunun mövqeyini qeyri-ciddi və mübahisəli olduğunu qeyd edib.

***
12:14

"İbrahimbəyovun namizədliyi təcili elan edilməlidir"

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan təklif edib ki, Mİlli Şuranın seçki qərargahı yaradılsın və fəaliyyəti aktivləşdirilsin.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər isə bildirib ki, MŞ-də əksəriyyət vahid namizədin R.İbrahimbəyov olması məsələsində qərara gəlib. Onun sözlərinə görə, vaxt itirmədən, ən geci növbəti sessiyada İbrahimbəyovun vahid namizədliyi elan edilməlidir.

O bildirib ki, təcili surətdə MŞ-in rayon təşkilatları, seçki qərargahı və mitinq komitəsi yaradılmalıdır: "Komissiyalar, seçki qərargahı və mitinq komitəsi yaradılmalıdır. Bu gün KİV-lə də əlaqəni koordinasiya edəcək komissiya da yaratmalıyıq".

S.Əkbər deyib ki, Mİlli Şuranın sözçüsü müəyyən olunmalı və mətbuata qurumun adından o danışmalıdır.

İslam Partiyasının üzvü Rövşən Əhmədli də çıxışında təklfi edib ki, çıxışlarda təkrarçılıq edilməsin və komissiyaların yaradılması ilə bağlı məsələ müzakirəyə çıxarılsın.

***
12:00

Milli Şuranın sessiyasında reqlament qalmaqalı

Çıxışçıların nitqinin uzanmasına etiraz edən MŞ-in üzvü, tanınmış hüquqşünas Ənnağı Hacıbəyli iclasın aparıcısı İsa Qəmbərə reölika ataraq bildirdi ki, çıxışçılara müəyyən reqlament tətbiq edilsin: "Biz 25 ildi eyni şeylərə saatlarla qulaq asırıq. İşimiz gücümüz var. İcra sturukturları ilə bağlı məsələləri həll edək, çıxaq gedək işimizə".

***
11:49
"İctimai Palata MŞ-in ixtiyarına verilməlidir"

Çıxış edən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib ki, MŞ-nin idarəçiliyində qeyri-müəyyənlik var. O bildirib ki, MŞ-in rayon təşkilatları olmalıdır. Onun sözlərinə görə, İP-in rayon təşkilatlarını MŞ-in yerli təşkilatlarına çevirmək olar: "Yeni gələn adamları da həmin təşkilatlara cəlb etməklə, İP-in 65 rayon təşkilatını MŞ-in ixtiyarına vermək lazımdır".


***
11:44

AXCP sədri Əli Kərimli bildirib ki, MŞ-in yaranması tarixi hadisədir: "MŞ-i

xarici qüvvələrə bağlamaq cəhdləri xalqımız tərəfindən rədd edildi. Çünki cəmiyyətin bütün kəsimləri burdadır. Burda xalqı təmsil edən insanlar əyləşib. Biz bu etimadı doğrultmasaq, MŞ-ə olan etimadı itirə bilərik. Buna görə də konkret olaraq işə başlamalıyıq".

Ə.Kərimli Avropa Birliyinin ötən həftə Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə də toxunaraq bildirib ki, bu, yeni tendensiyadır və MŞ-in fəaliyyətində yeni istiqamət olmalıdır: "Hökumətin beynəlxalq təşkilatlara qarşı qara piar aparması qınanmalı və həmin təşkilatlara dəstək ifadə olunmalıdır. Biz digər beynəlxalq təşkilatları hakimiyyətə Aİ ilə eyni münasibəti göstərməyi tələb etməliyik".

Ə.Kərimlinin sözlərinə görə, bu gün MŞ-də işçi qüvvəsi yaradılmalı və həmin işçi qüvvəsi MŞ-in vahid namizədinin platforması, kimlərlə əməkdaşlıq edəcəyi, həmçinin, 2 illik prezidentlik dövründı görüləcək konkret işlərin nələrdən ibarət olmalı olduğunu müəyyənləşdirməlidir: "Bununla parallel olaraq, MŞ-in mövqeyi cəmiyyətə açıqlanmalıdır. Siyasətimizi daha anlaşılan dildə xalqa izah etməliyik. Heç kim düşünməməlidir ki, qarşıda bizi 2 illik keçid dövrü gözlədiyinə görə, böyük platformalar təqdim etməməliyik. Milli etimad hökumətinin platforması olmalıdır".

Kərimlinin sözlərinə görə, gələcəkdə baş nazirlik və digər vəzifələrlə bağlı mübahisələr ola bilər, ancaq bütün bunlar keçid dövründən sonraya saxlanılmalıdır: "MŞ intensive xarici siyasət aparmalıdır. Burada söhbət qlobal xarici siyasətdən getmir. Bütün dünyaya Azərbaycan xalqının birləşmiş müxalifətlə hakimiyyətə alternativ yaratdığını təqdim etmək lazımdır. MŞ-in heyətlərinin dünyada müxtəlif görüşlər keçirməsinə nail olmaq lazımdır".

O deyib ki, MŞ özünə heç kimdən dəstək axtarmır: "Bizim dəstəyimiz xalqdan gəlir. Sadəcə, beynəlxalq qurumlara niyyətimizi açıqlamalıyıq". Ə.Kərimli bildirib ki, MŞ dinc və konstitusion yolla məqsədlərinə nail olacaq: "MŞ-ini guya zorakı yollarla hakimiyyətə gələ biləcəyi iddialarını birmənalı yalanlamaq lazımdır. Qurumun bütün üzvləri dinc mübarizə ilə bağlı məqsədlərini hər kəsə bəyan etməlidir".

AXCP sədrinin sözlərinə görə, MŞ-in hüquqçuları qurumun vahid namizədinin qeydiyyatı ilə bağlı bütün hüquqi prosedurları həll etməlidir: "Bir təşkilatda birləşmək hələ hər şey demək deyil. Məqsədimiz xalqın dəstəyini arxamıza almaqdır".


***
11:25

Milli Şuranın ilk sessiyası dövlət himninin oxunması ilə başladı.

Çıxış edən Müsavat başqanı toplantının gündəliyini açıqlayıb: Ölkədəki ictimai-siyasi vəziyyət və demokratik qüvvələrin vəzifələri. Milli Şuranın işinin təşkili. Cari məsələlər.

İ.Qəmbər gündəliyi səs qoydu. Gündəlik səsçoxluğu ilə qəbul edildi.


***
10:56
Bu gün Müsavat Partiyasının Mərkəzi Qərargahında Demokratik Qüvvələrin Mİlli Şurasının ilk sessiyası keçirilir.

AzNews.az-ın məlumatına görə, şuranın ilk sessiyasının gündəliyində dayanan məsələlər ölkədəki ictimai-siyasi vəziyyət və Milli Şuranın vəzifələridir.

Eyni zamanda, MŞ-nin sturukturlaşdırılması məsələsi, komissiyaların təşkili də gündəliyə salınacaq. Sessiyada MŞ-in vahid namizəd məsələsinin müzakirəyə çıxarılacağı da istisna deyil.

Anar
AzNews.az
image description image description image description

Copyright © 2019