Bakı Kəndlər Birliyi ilə bağlı qalmaqal böyüyür

"Çay daşıyan İlqar Abbasovun birliyin adından təqdim olunması BKB adına təhqirdir"


"Bakı Kəndlər Birliyi adından Milli Şuraya qoşulanların heç biri bu birliyin üzvü deyil".

Bu sözləri AzNews.az-a "Atəşgah cəmiyyətinin" və Bakı Kəndlər Birliyinin nəzarət-təftiş komissiyasının sədri Məlahət Babayeva deyib. Milli Şura ətrafında baş verən prosesləri diqqətlə izlədiyini bildirən M.Babayevanın sözlərinə görə, BKB adından Milli Şuraya üzv olanların bu addımı Bakı kəndləri sakinlərinin narazılığına səbəb olub: "Bakı Kəndlər Birliyi bu barədə bəyanat verib. Kənd sakinlərindən imza toplanılıb. Mən Eldar Namazovun, Əli Kərimlinin, İsa Qəmbərin nəzərinə çatdırıram ki, Milli Şurada təmsil olunanların heç biri Bakı Kəndlər Birliyinin nə rəhbəri, nə də üzvüdür".

M.Babayeva bildirib ki, bu məsələ məqsədli şəkildə təşkil olunub: "Bakının savadsız təbəqəsini qəsdən irəli veriblər ki, sabah onlardan alət kimi istifadə etsinlər. Bakı Kəndlər Birliyinin 500-dən çox akademik, professor və dövlət məmuru üzvü var. Onlar dura-dura Məşədi Vaqif, Hacı Əmrulla və ya çay daşıyan İlqar Abbasovun, birliyin adından təqdim olunması BKB adına təhqirdir".

Müsahibimiz tələb edir ki, bu məsələyə yenidən baxılsın və BKB adından MŞ-ə üzv olan şəxslərin üzvlüyü dayandırılsın: "Əgər belə bir konfrans keçirilib və BKB daxilində Milli Şuraya qoşulmaqla bağlı qərar qəbul edilibsə, niyə Məşədi Vaqif məni ora dəvət etməyib? Qorxub ki, paxırını açacağam? İndi bunlar bizim hörmətli adamlarımız olub? Vaxtilə Bakı kəndləri təhqir olunanda bu adamlar harada idi ?".


Bahar Rüstəmli
AzNews.az
image description