“Sonu görünməyən proseslər baş verəcək“

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT Minsk Qrupunun konfransının çağırılmasının əleyhinədir.

Bu barədə APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse spikeri Bahar Muradova bildirib.

B. Muradova qeyd edib ki, ATƏT PA - nın son yay sessiyasında irəli sürülən bu təklif Minsk Qrupuna daxil olan bir çox ölkələr tərəfindən dəstəklənir:

"Lakin ermənilər bunu nədənsə süngü ilə qarşıladılar, etiraz elədilər. Belə bir gülünc arqument də irəli sürdülər ki, əgər Minsk Qrupunun konfransı çağırılsa, Cənubi Qafqazda vəziyyət yenidən 20 il əvvəlki müharibə vəziyyətinə qayıdacaq. Qarşılıqlı ziddiyyətlər, sonu görünməyən proseslər baş verəcək. Onlar dünya birliyini münaqişənin eskalasiyası ehtimalı ilə qorxutmaq istəyirlər. Amma Minsk Qrupuna üzv ölkələrin ixtiyarı var ki, konfransın keçirilməsini təmin etsinlər və münaqişənin həllinə töhfə verə biləcək yeni addımların müəyyənləşməsində iştirak etsinlər".

B.Muradova bildirib ki, konfransda başlıca olaraq münaqişənin həlli ilə bağlı iştirakçı üç üzv dövlətdən hesabat tələb ediləcək.

AzNews.az