- Redaktor masası
- 19:08
- 4 338
Arazın bu tayında da, o tayında da Azərbaycançıyıq!
Türkiyə türklərinin tarix və dil doktrinasını Azərbaycan tarixinə və dilinə eynilə tətbiq etmək mümkün deyil. Bunun da çox sadə səbəbi budur ki, Səlcuq köçünə və XI əsrdə qurulan Səlcuq imperiyasına qədər Anadoluda daimi türk varlığı yoxdur. Türkiyə türkləri üçün tarixi proses konkretdir: Gəldik, qaldıq, qurduq!
Azərbaycanda isə türk varlığı eramızdan əvvəl- I minilliyin başlarından etibarən mövcuddur. Prototürklərin lideri- Alp Ər Tunqa (Skif Partatua) bugünkü Bərdə və Gəncə şəhərlərinin təməlini qoyub, Güney Azərbaycanda da bir neçə şəhər inşa edib. Alp Ər Tunqadan Səlcuqlara qədərki dövrdə Azərbaycanda türk varlığı barədə bircə fakt deyək. Paytaxtı Marağa və Ərdəbil olan Sacilər mənşəcə türk idlər, Xürrəmilərə qarşı Afşinin ordusunda döyüşməklə nam qazanmışdılar. Hətta Sacoğullarını bəzi tarixçilərin iddia etdiyi kimi mənşəcə soqd hesab etsək, nəticə yenə dəyişmir. Hunlar, Savirlər və Xəzərlər Azərbaycan arealında min illərlə at çapıblar.
Beləliklə, Azərbaycanın tarix və dil doktirinası islamaqədərki türkləri, xilafət ordusundakı türkləri və orta çağ axınları ilə bölgənin demoqrafik xəritəsini tam dəyişən oğuzları, üstəlik, moğollların və
əmir Teymurun yürüşləri zamanı geri qayıtmayan elləri türk etnogenezisinin mərkəzində vəhdət kimi götürməlidir. Qətiyyən unutmaq olmaz ki, Elxanlı dövlətinin etnik, siyasi və coğrafi varisləri də məhz bizik. Bu iddiama şübhə duyanlar AXC dövründəki təntənəli mərasimlərlə maraqlansınlar.
19 əsrdə Quzey Azərbaycanın türk mənşəli tayfaları kapitalizmin və urbanizasiyanın inkişafı ilə millətləşmə prosesinə girdilər. 1501-ci ildə Şah İsmayılı Azərbaycan taxtına çıxaran türk tayfaları millətləşərək və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quraraq "dövlət milləti" statusunu qazandılar. Respublika modelinin yaratdığı zərurətlə dövlət nəzdində xalq anlayışı önə çıxmalı idi və çıxdı. Bununla da AXC-nin təsis sənədlərində də qeyd olunduğu kimi, Azərbaycanda yaşayan bütün etnik qruplar xalq vahidini yaradaraq bərəbər hüquqlu vətəndaşların cəmiyyətini formalaşdırdılar. Azərbycanda yaşayan türklər həm ayrılıqda, həm də digərləri ilə birlikdə millətləşmə prosesindən AZƏRBAYCANLI kimi çıxdı, öz unikal identifikasiyasını bu ad altında qazandı.
İndi Azərbaycanlıları türklərə və qeyri-türklərə bölmək olduqca ziyanlı cəhddir. Türk mənşəyinin ölkə əhalisinin az qismini təşkil etməsini iddia etmək isə tam bir savadsızlıqdır. Türk mənşəli tayfalar azlıqda olsaydılar, millətləşmə prosesinin liderliyini ələ ala, dövlət identifikasiyanın reallığa çevirə, ədəbi dil yarada və müasir dövlət qura bilməzdilər. Bu o qədər sadə həqiqətdir ki, qarşısında bütün iddialar puç olmağa məhkumdur.
Hər kəs onu da bilməlidir ki, AZƏRBAYCANLI identifikasiyası etnik mənşənin inkarı deyil, onun tarixi-siyasi sintezidir. Bu identifikasiya Azərbaycan ərazisində türk etnosunun liderliyi altında, lakin bütün etnik və dini qrupların iştirak etdiyi modern millətləşmə prosesinin nəticəsidir. Burada “azərbaycanlı” anlayışı etnik inkar deyil, konkret tarixi yaddaşa, dilə, siyasi iradəyə və dövlətçilik təcrübəsinə söykənən dövlət millətidir. Bu identifikasiya türklüyü, eləcə də digərlərinin etnik kökünü zəiflətmir, əksinə onu siyasi və hüquqi müstəvidə xalq formasına salır.
Sonda fürsətdən istifadə edərək bir məsələyə də toxunmaq istəyirəm. Güney Azərbaycanda başlanması qaçılmaz olan proseslər Azərbaycançılıq məfkurəsinə dayanmalıdır. Səbəblərini açıq yazmaq istəmirəm, amma bir neçəsini deyə bilərəm. Hazırda Güney Azərbaycan İranın inzibati assimilyasiya siyasəti nəticəsində bir neçə ostan arasında bölünüb. Güney Azərbaycan ilk növbədə inzibati vahidliyini bərpa etməlidir. İkincisi, Güney Azərbaycan monoetnik bir bir subyekt olmayacaq. Odur ki, etnik siyasi diskurslar avtomatik olaraq digər qrupları prosesin qarşı tərəfinə itələyir və Tehranın əlində hazır arqumentə çevrilir. Üçüncüsü, Güney Azərbaycan dil hüquqlarını bərpa edəcəkləri təqdirdə, onların standart dilə, başqa sözlə, ədəbi dilə ehtiyacları var. Bu ədəbi dil isə zamanın sınağından çıxmış, püxtələşmiş və Azərbaycan xalqının tamamı üçün işlək olan Azərbaycan dilidir!
Taleh ŞAHSUVARLI