- Köhnə - Siyasət
- 14 İyul 2013 16:22
- 2 475
Fəhmin Hacıyev AXCP-dən istefa verməsinin səbəblərini açıqladı - Özəl - Yeniləndi
Bunu AzNews.az-a açıqlamasında AXCP üzvlüyündən istefa verən Fəhmin Hacıyev bildirib.
F.Hacıyevin sözlərinə görə, Milli Şuranı dəstəkləyir və AXCP-dəki bütün dostlarına gələcək fəaliyyətlərində uğurlar arzulayır.
F.Hacıyev istefası ilə bağlı partiya sədri Əli Kərimliyə məlumat verib-vermədiyinə də aydınlıq gətirib: "Danışsaydım minnət kimi olardı, çox düşündüm və qərarımı verdim".
F.Hacıyev Milli Şuraya üzv olmaq üçün müraciət etdiyini də açıqlayıb: "Amma hələ ki cavab yoxdur . Özləri bilər, istərlər qəbul edərlər, istərlər etməzlər. Hələ irəlidə çox işlər var. Çox əcaibliklərin şahidi olacağıq".
***
13:27
Fəhmin Hacıyev AXCP üzvlüyündən istefa verib.
AzNews.az xəbər verir ki, bu barədə o, bu gün sosial şəbəkədəki səhifəsində məlumat verib.
Mesajında F.Hacıyev "Dostlar, bu gündən etibarən AXCP üzvlüyündən və partiya sədrinin müşavirliyindən istefa verirəm" deyə yazıb.
Bununla belə F.Hacıyev siyasətdən getmədiyini bildirib: "Müstəqil siyasətçi kimi ölkəmizin demokratik inkişafı üçün çalıçacağam".
F.Hacıyev yeni partiya yaradılmasını istisna etməyib: "Bəlkə də yeni partiya təsis edilməsi gündəmə gələ bilər. Yeni yaranmış Milli Şuraya sona kimi dəstək verəcəyəm!"
Qeyd edək ki, bir neçə gün əvvəl F.Hacıyev bəzi siyasilərin siyasi riyakarlığından təngə gəldiyini bildirmişdi: "İctimai Palata yarananda palataya üzv olmaq arzum bəzi dostlarımızın çəkişməsi ucbatından alınmadı. Milli Şura yarandı. İndi baxaq görək nə olacaq..."
Xatırladaq ki, Fəhmin Hacıyev 2011-ci ilin iyulunda AXCP sədrinin müşaviri təyin olunmuşdu.
Azərbaycan Xalq Cəbhəsinin öncül şəxslərindən olmuş F.Hacıyev Ayaz Mütəllibovun prezidentliyi dövründə Xalq Cəbhəsinin təqdimatı əsasında bir müddət müdafiə nazirinin müavini işləyib.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə Daxili Qoşunların komandanı postunu tutub. 1994-2004-cü illərdə həbsdə olub.
Elnarə
AzNews.az