ABŞ-da Azərbaycanda keçiriləcək prezident seçkisi müzakirə olunub

Helsinki Yekun Aktı və digər ATƏT sənədlərinin icrasının monitorinqi və onlara riayət olunmasının təşviqi ilə məşğul olan və daha çox Helsinki Komissiyası kimi tanınan ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası tərəfindən Azərbaycan barədə brifinq təşkil edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, müzakirələrə Komissiya katibliyinin əməkdaşları Şeli Han və Pol Karter moderatorluq ediblər.

Brifinqdə Azərbaycanın rəsmi dairələrini ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov və Azərbaycan-Amerika Dostluq Qrupunun rəhbəri kimi Vaşinqtonda ikitərəfli görüşlər məqsədilə ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil ediblər.

Brifinqə geniş yazılı məruzə təqdim etməklə bərabər səfir E.Süleymanov toplantı iştirakçıları qarşısındakı çıxışında Azərbaycanda demokratik dövlət quruculuğu, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat verib və əldə olunmuş nailiyyətləri sadalayıb.

Səfir Azərbaycan hakimiyyət dairələri tərəfindən oktyabr ayındakı prezident seçkilərinin azad və demokratik şəkildə keçirilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyini bəyan etdi və ölkəmizin gələcək taleyinin başqa xarici paytaxt və ölkələrdə deyil, məhz Azərbaycan vətəndaşları tərəfindən müəyyən ediləcəyini göstərib.
E.Süleymanov Azərbaycan Konstitusiyası və milli qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə, hər bir namizədin qeydiyyatdan keçirilərək, seçkilərdə iştirak edə biləcəyini söyləyib. O, insan hüquqları ilə bağlı ölkəmizin ünvanına səsləndirilən əsassız tənqidləri qətiyyətlə rədd etdi və bu mövqeyini konkret faktlarla əsaslandırıb.

Səfir Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu ifadə etdi və Azərbaycan səfirinin ABŞ-ın Helsinki Komissiyasında iştirakını bu müsibətlərə verdiyimiz dəyərin bir nümayişi olduğunu bildirib.

Çıxışı əsnasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan səfir Süleymanov bir milyon soydaşımızın evindən didərgin salındığı və Ermənistanın onların öz torpaqlarına qayıtmaq hüququnu rədd etdiyini bəyan edib. O, bu halın Azərbaycan əhalisi tərəfindən ən ağır insan haqları pozuntusu kimi qəbul edildiyini vurğuladı və bu pozuntuya müvafiq diqqət yetirmədən, Azərbaycanda insan haqlarından danışmağın qeyri-ciddi göründüyünü deyib. Bu çərçivədə E.Süleymanov Moldovanın parlament ombudsmanı Aurelia Qriqoriunun erməni işğalçılığı haqqında reallığı xatırlatdığı zaman Yerevanda üzləşdiyi təhqir və təhdidləri ABŞ ictimaiyyətinin diqqətinə çatdırdı və bu halı Helsinki prinsiplərinin kəskin pozuntusu kimi xarakterizə edib.

Səməd Seyidov isə öz növbəsində çıxışında ABŞ ilə həyata keçirilən strateji əməkdaşlıq və tərəflər arasında mövcud qarşılıqlı etimadı qeyd edib və eləcə də ölkəmizin üzləşdiyi ciddi təhdidlərə baxmayaraq, ardıcıl surətdə müstəqil xarici siyasət yürütdüyünü bildirib. O, brifinq ərzində növbəti dəfə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının davam edən işğalının ağır nəticələrini önə çəkdi. S.Seyidov Azərbaycanın Avropa Şurasının üzvü olaraq, bu təşkilatla müxtəlif sahələrdə və xüsusilə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində apardığı əməkdaşlığın əhəmiyyətini ifadə edib və Azərbaycanın 2014-cü ilin mayından etibarən bu təşkilata sədrlik edəcəyi barədə xəbər verdi. Millət vəkili həmçinin Azərbaycanın İnsan Hüquqları haqqında Avropa Konvensiyasına qoşulduğunu xatırladaraq, Azərbaycan vətəndaşlarının birbaşa olaraq bu məhkəməyə müraciət etmək hüququna malik olduqlarını dedi və Azərbaycan hökumətinin həmin məhkəmənin çıxardığı bütün qərarları icra etdiyini söyləyib. Bu kontekstdə Azərbaycanda insan hüquqlarının müdafiəsinin səviyyəsi üzrə bir göstərici olaraq, ölkəmizdən bu məhkəməyə təqdim edilən şikayətlərin sayının bir çox Avropa ölkələrindən aşağı olduğunu açıqladı.

Toplantıda ABŞ Dövlət Departamentini təmsil etmiş Dövlət katibi yardımçısının müavini Tomas Melia ABŞ-ın Azərbaycanı bir dost ölkə kimi gördüyünü və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib. O, Azərbaycan hökuməti ilə demokratiya və insan hüquqları üzrə davamlı dialoqun aparıldığını və cari ilin oktyabrında baş tutacaq prezident seçkilərinin azad və demokrat şəkildə təşkil ediləcəyinə ümidvar olduqlarını bildirib.

Azərbaycan-Amerika Dostluq Qrupunun üzvləri qismində Vaşinqtonda ikitərəfli görüşlər keçirmək üçün ABŞ-da səfər olan millət vəkilləri Asim Mollazadə və Sevinc Fətəliyeva da brifinqə qatılmış iştirakçılar arasında idilər.

AzNews.az