Milli Şuranın mitinqləri AXCP-yə tapşırıldı – Özəl


Milli Şuranın mitinqləri Azərbaycan Xalq Cəbhəsi Partiyasına tapşırılıb.

AzNews.az-ın məlumatına görə, qurumun Mitinq Komitəsinə AXCP sədrinin müavini Asəf Quliyev rəhbər təyin ediləcək. Bildirilir ki, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov qurumun seçkilərdə əsas işlərindən biri olacaq mitinqlərin təşkilini AXCP-yə etibar edib.

Məlumata görə, E.Namazov Moskvada MŞ-in sədri Rüstəm İbrahimbəyovla görüşündə mitinqlərin təşkilinin AXCP-yə etibar olunması barədə tapşırıq alıb. Bildirilir ki, mitinqlərin Xalq Cəbhəsinə tapşırılmasına əsas səbəb Müsavat Partiyasının seçkilərdə öz namizədi ilə iştirak etmək barədə qərarının olmasıdır.

R.İbrahimbəyov məhz bu səbəbdən Milli Şuranın Mitinq Komitəsinə Müsavat Partiyasının təmsilçisinin rəhbər təyin edilməsinə razı olmayıb.

Qeyd edək ki, MŞ-in Mitinq Komitəsində hər partiyadan bir nəfər təmsilçi olacaq. AXCP-ni bu komitədə A.Quliyev, Müsavatı isə İkram İsrafil təmsil edəcək.

Bildirilir ki, MŞ-in icra aparatının dünən Açıq Cəmiyyət Partiyasının ofisində keçirilən iclasında komitəyə AXCP sədrinin müavini A.Quliyevin rəhbər təyin edilməsi məsələsi müzakirə edilib. Məlumatda o da qeyd olunur ki, AXCP-ni Mitinq Komitəsində Ə.Kərimlinin digər müavini Həsən Kərimovun təmsil edəcəyi gözlənilsə də, son anda AXCP sədri H.Kərimovun yerinə A.Quliyevi seçib.

Bildirilir ki, Milli Şuranın növbəti sessiyasında qurumun komitələrinə rəhbərlərin təyin olunması məsələsi müzakirəyə çıxarılacaq və A.Quliyevin MŞ-in Mitinq Komitəsinə rəhbər təyin edilməsi təsdiqlənəcək.

A.Quliyev özü isə AzNews.az-a açıqlamasında deyib ki, Milli Şuranın komitələrinə rəhbərlər qurumun növbəti sessiyasında təyin olunacaq. O, Mitinq Komitəsinə özünün rəhbər təyin ediləcəyi ilə bağlı məlumatdan xəbərsiz olduğunu qeyd edib.

Xatırladaq ki, MŞ-in növbəti sessiyası iyulun 31-də Açıq Cəmiyyət Partiyasının qərargahında keçiriləcək.

Elnur