Saakaşvili Milli Şuranı Rusiyaya işləməkdə ittiham etdi; qarşı tərəfdən cavab gəldi



"Gürcüstan öz ərazisində Azərbaycana qarşı vurula biləcək zərərin hər-hansı təzahürlərinə imkan yaratmamalıdır".

AzNews.az-ın məlumatına görə, bunu Gürcüstan prezidenti Mixeil Saakaşvili Tbilisidə Milli Şura üzvlərinin görüşünü şərh edərkən deyib. "Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır" - deyə Saakaşvili qeyd edib. Gürcüstan prezidenti vurğulayıb ki, sabit Azərbaycan sabit Gürcüstan deməkdir. "Gürcüstan hakimiyyəti özünü bu ölkə ilə bağlı çox ehtiyatla aparmalıdır, hansına ki son aylarda artıq zərər vura bilib".

Prezident qeyd edib ki, Azərbaycanla münasibətləri qorumaq lazımdır. Saakaşvili həmçinin vurğulayıb ki, Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır. Gürcüstan prezidentinin bu gözlənilməz açıqlamasına Milli Şura üzvlərinin cavabı da özünü çox gözlətməyib.

Milli Şuranın üzvü, "El" hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev modern.az-a açıqlamasında Saakaşvilinin bu fikirlərinə təəssüf etdiyini bildirib: "Saakaşvili son zamanlar az qala Azərbaycan hakimiyyətinin vəkili rolunda çıxış edir. Təəssüf edirik buna. Biz bu barədə öz mövqeyimizi geniş şəkildə bildirəcəyik"-deyə E.Quliyev qeyd edib. Milli Şuranın digər üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, belə bir çıxış Saakaşvilidən gözlənilən idi: "Bir müddət əvvəl də o belə bir fikir söyləmişdi. Saakaşvili Rusiya ilə özünün səhvi hesabına yaratdığı düşmənçiliyi Azərbaycana da aid eləmək istəyir.

Saakaşvili Milli Şuranı Rusiyaya xidmət edən qurum kimi təqdim etməklə özünün Azərbaycan hakimiyyətinin yanında olduğunu göstərmək istəyir".

Milli Şuranın AXCP-dən olan üzvü Fuad Qəhrəmanlı hesab edir ki, Saakaşvilinin bu fikirləri tamamilə əsassızdır: "Milli Şura xarici qüvvələrin deyil, Azərbaycanda demokratik qüvvələrin təşəbbüsü ilə yaranıb. Ola bilsin ki, Saakaşvilinin bu fikri Gürcüstan-Azərbaycan münasibətləri kontekstində meydana gəlib.

O, Gürcüstan dövlətinin hansısa maraqlarını nəzərə alaraq Azərbaycan hakimiyyəti ilə münasibətləri daha da sıcaqlaşdırmaq istəyir". "Saakaşvili Azərbaycan hakimiyyətinə diplomatik jest olaraq bu fikirləri səsləndirib. Bu reallığa uyğun olmayan əsassız fikirlərdir" - deyə AXCP rəsmisi vurğulayıb.

AzNews.az