İsa Qəmbərin yeni təklifi Milli Şuranı qarışdırdı


AXCP-dən təpki: Vahid namizəd məsələsi müzakirə edilməyəcək


Müsavat başqanı İsa Qəmbər avqustun 2-də "mediaforum"a verdiyi açıqlamada Milli Şuranın ilk sessiyasında başqa bir ziyalının namizəd kimi müəyyənləşdirilməsi barədə təklif verəcəyini açıqlayıb.

AzNews.az-ın məlumatına görə, president seçkilərinin oktyabrın 9-na təyin edilməsinə münasibət bildirən Müsavat başqanı deyib ki, qurumun vahid namizədi olan Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı probleminin həlli üçün avqustun 15-nə kimi vaxt nəzərdə tutulub, ancaq MSK seçkini oktyabrın 9-na təyin etdiyi üçün seçki kampaniyası avqustun 9-dan başlanır.

İ.Qəmbər bildirib ki, bu səbəbdən də intensiv məsləhətləşmələrə və müzakirələrə ehtiyac var: "Mən təklif edəcəm ki, şuranın növbəti sessiyası tez bir zamanda keçirilsin. Orda təklif verəcəm ki, Rüstəm İbrahimbəyovun namizədliyi qalmaq şərti ilə digər bir intellektualı namizəd kimi müəyyənləşdirək və avqustun 9-da seçki kampaniyası başlanan kimi həmin namizədin irəli sürülməsi işləri ilə məşğul olmağa başlayaq. İnşallah, o zamana kimi Rüstəm İbrahimbəyov öz işlərini həll edərsə, Azərbaycana gələr və artıq vahid namizəd kimi onun üçün nə lazımdırsa edərik. Problem davam eləsə, mənim təklifim qəbul olunduğu halda, Milli Şuranın yenə də seçkidə vahid namizədi olacaq. Heç bir halda demokratik qüvvələrin seçkidən kənarda qalmasına yol vermək olmaz".

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən AXCP sədrinin müavini, Milli Şura üzvü Asəf Quliyev deyib ki, AXCP MŞ-də R.İbrahimbəyovdan başqa şəxsin vahid namizəd olması heç bir halda müzakirə etməyəcək. Partiya rəsmisinin sözlərinə görə, bütün hallarda MŞ-də hər kəs təklif verə bilər, ancaq bu təkliflər qurumda müzakirə edildikdən sonra ortaq qərara gəlinməlidir: "İsa bəyin təklifinə hörmətlə yanaşırıq, ancaq AXCP bu barədə heç bir müzakirə aparmayacaq. Biz ümid edirik ki, Rusiya təbliğat müddəti başlayana qədər Rüstəm bəyin vətəndaşlığını ləğv edəcək".

A.Quliyevin sözlərinə görə, MŞ R.İbrahimbəyovun təbliğatını o özü olmadan da həyata keçirə bilər. O deyib ki, seçki təbliğatının avqustun 9-da başlaması MŞ üçün o qədər də ciddi problem sayılmamalıdır: "Rüstəm bəyin Rusiya vətəndaşlığı avqustun 15-nə qədər yekunlaşmalıdır. Təbliğat müddəti başlayandan sonar 6 gün də gözləmək olar. Həmin müddətdə də Milli Şura Rüstəm bəyin təbliğatı ilə məşğul olar".

"El" Hərəkatının Ali Məclis sədri, MŞ üzvü Eldəniz Quliyev isə deyib ki, İ.Qəmbərin bu tklifi ilə bağlı məsələ hərəkatda müzakirə edildikdən sonra bu barədə fikir bildirə bilər: "Mən indi nə öz adımdan, nə də "El" Hərəkatının adından bu təklifə münasibət bildirə bilmərəm".

Elnur
AzNews.az