“Bakı, sabahın xeyir!“

Səhər-səhər dinlədiyim bu axıcı müsiqinin müəllifi, səhv etmirəmsə, mərhum İslam Səfərlidir. Çox sayda şerləri hazır musiqi üçün yazılmış sanki...

Nəyi xatırlatdi bi mahnı mənə? İllər öncə, 1918-ci ilin əvvəllərində Azərbaycanın göz bəbəyi sayılan Bakıda hər açılan sabah insanlar üçün bir qətliam, faciə xəbəri idi. Erməni-Bolşeviklərin zülmündən necə qurtuluşun yollarını arayırdı bu zamanın deyimi ilə Azərbaycan türkləri, o zamanın deyimi ilə Qafqaz İslamları. Qafqaz İslam Ordusu xilaskarımız Nuri Paşanın komutanlığında Azərbaycana gəldiyində böyük ümidlənmə yarandı. Sanki yenidən diriliş hadisəsi baş verirdi bu başsız məmləkətdə. Bu maraqlı epizodu mənə Türkiyədə iki xanım danışdı.

80-ı haqlamış, saçları eyni gözəllikdə ağarmış, səlis və asta Türkcə zərafəti ilə danışan iki ahıl Xanıməfəndi. Onlar mərhum Mürsəl Paşanın qızları idi. O Mürsəl Paşa ki, Bakının işğaldan azad olunması hadisəsində ordu birlikləri ilə şəhərə ilk daxil olan əsas komutanlardan biri idi. Bakının fəthindən sonra özünə ömür boyu qürurla daşıyacağı bir soyad da götürmüşdü: Mürsəl Baki Paşa... O danışırmış ki, Bakı azad edilən günün sabahı atının belində sabah şəhəri uca bir təpənin üzərindən seyr edən Nuri Paşanın ilk olaraq uca səslə söylədiyi bu sözlər idi: "Hayırlı sabahlar, Bakü!"

Məkanın cənnət olsun, Nuri Paşa. Məkanın cənnət olsun Mürsəl Paşa. Məkanınız cənnət olsun vətənimizi və millətimizi xilas etmiş Türk əsgəri! Haqqınızı dövlətimiz və millətimiz layiqincə vermədi, Uca Yaradan mütləq verəcəkdir...

Elə bu duyğularla iç-içə olan bir məqamda sabah-sabah mətbuatda Çöhrəqanının açıqlamasını oxuyanda içimdən acı bir sızıltı keçdi. Bakıdan, Hava limanından geri qaytarma səhnəsinə deyinərkən özət olaraq bunları deyirdi: "Heç bizə Alahın bir qurtum suyunu da vermədilər..."

O nəhənglikdə Nuri Paşanın, Mürsəl Baki Paşanın haqqı verilməyən bir məmləkətdə Çöhrəqanlının haqqı bir yana, heç olmazsa Allahın suyunu vermək olardı...Nə haqqı veririk, nə suyu...Özümüzə bu qədər günahı bilərəkdən necə yükləyirik bizlər...

Qarşıdan 15 sentyabr gəlir. 95 il öncə Vətənimizin, millətimizin, şərəfimizin xilas olunduğu gün...Başsız qalmış bir məmləkətin Bakı adında başının yenidən canlandırıldığı gün. Bizdə Sovet terminalogiyası ilə adlandırılan Böyük Vətən müharibəsini xatırladan abidələrin üzərində bu məşhur sözləri orta yaşlı nəsil xatırlayar yəqin: Heç nə unudulmur, heç nə yaddan çıxmır!

Azərbaycanda isə gördüklərimiz başqa bir şey deyir: Çox şey unudulur, çox şey yaddan çıxır!

Bilirəm ki, rəsmi səviyyədə heç bir tədbir planlaşdırılmır. Ancaq bütün duyarlı insanlar mütləq bu günlərdə Nuri Paşanı və onun qəhrəman əsgərlərini, xilaskar qardaşlarımızı minnətdarlıq duyğusu ilə dualarla xatırlamağı özlərinə borc bilməlidirlər.

"Bakı, sabahın xeyir!" Bu mahnını zümzümə edəndən sonra yaddaşımda oturdu ki, hər sabah açılarkən ən azı 15 sentyabr qədər söyləyəcəyim ilk sözlər bu olacaq: Sabahın xeyir Nuri Paşa! Hayırlı sabahlar, xilaskar Qafqaz İslam Ordusu! Haqqınızı biz unutqanlara halal edin!

Gözəl duadır, deyilmi?