İctimai Palata buraxılır? - Açıqlama

Milli Şuranın yaranmasından sonra mövcudluğu böyük sual altına düşən və faktiki olaraq fəaliyyəti dayanan İctimai Palatanın buraxılacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlib.

İP təmsilçiləri 2010-cu ildə yaradılmış bu birliyi qorumaqda israr etsələr də, MŞ-in yaranmasından sonra bu qurum demək olar ki, fəaliyyətsiz qalıb. Əldə etdiyimiz məlumata görə, ötən aya qədər mütəmadi olaraq toplanan İP üzvləri bu toplantıların da keçirilməsinə lüzum olmadığı qərarına gəliblər. Bildirilir ki, qurum rəhbərləri ən azı prezident seçkilərinin sonuna qədər İP-in fəaliyyətinin dondurulması qərarına gəliblər. May ayından bəri cəmi neçə dəfə Koordinasiya Şurasının iclasları, bir dəfə isə sessiyası keçirilən İP-in özünü buraxması məsələsi gündəmdədirmi? Qurum ətalətini nə vaxta qədər qoruyub saxlayacaq?

AzNews.az-ın bu suallarına cavab verən İP KŞ-nin üzvü Vidadi Mirkamal İP-in yaxın zamanlarda heç bir toplantısının nəzərdə tutulmadığını bildirərək, bizə daxil olan informasiyanı dolayısı ilə təsdiqləyib. V.Mirkamal onu da deyib ki, İP KŞ üzvlərinin toplanması da planlaşdırılmır. O bildirib ki, İctimai Palatanın Koordinasiya Şurası zərurət olanda toplanır: "Koordinasiya Şurası zərurət olanda toplanır. Milli Şuranın seçkilərlə bağlı işləri çoxdur, bütün fəaliyyətimiz ona köklənib".

Elnur
AzNews.az