Müsavat gəncləri cəzalandırdı

Bu gün Müsavat Partiyası divanının növbəti toplantısı keçirilib. İclasda verilən qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.

"Qafqazinfo"xəbər verir ki, divanda "Demokratik Qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupunun 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində prezidentliyə namizədi, professor Cəmil Həsənlinin Seçki Qərargahının Cəmil Həsənlinin müdafiəsi üçün imzatoplama kampaniyasının qısa zaman ərzində müvəffəqiyyətlə həyata keçirildiyi, 125 seçki dairəsinin hər birindən (120 seçki dairəsinin hər birindən 50-dən artıq), ümumiyyətlə 44 495 imza toplandığı və Cəmil Həsənlinin namizədliyinin qeydə alınması üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq lazımi sənədlərin toplanıb, Mərkəzi Seçki Komissiyasına təqdim olunduğu elan olunub. Bununla bağlı Divan Cəmil Həsənlinin Seçki Qərargahının rəhbərlərinə və üzvlərinə, onun müdafiəsi üçün imza toplayan və imza verən vətəndaşlara təşəkkür elan edib.

Divan bəzi Milli Şura üzvlərinin Milli Şuraya, Milli Şuranın vahid namizədi professor Cəmil Həsənliyə və Müsavat Partiyasının rəhbərliyinin ünvanına əsassız və qərəzli hücumlarını qətiyyətlə pisləyib və bu hərəkətlərin Milli Şuranın nüfuzuna və vahdi namizədin uğuruna xələl gətirə biləcəyi üçün yolverilməz olduğu bəyan edib.

Divanda Müsavat Partiyası Gənclər Təşkilatı bir sıra üzvlərinin müraciəti müzakirə olunub. Ümumi yığıncağın seçki nəticələrinin texniki qüsurlara görə Divanın ötən yığıncağında ləğv edilməsi nəzərə alınaraq bu qüsurlara yol vermiş say komissiyasının bütün üzvlərinə xəbərdarlıq edilib, eləcə də partiyanın qərargahında münaqişəyə səbəb olan hərəkətlərə yol verdiyinə görə partiya üzvləri Amid Süleymanov və Orxan Eyyubzadəyə cəza tədbiri kimi xəbərdarlıq edilməsi haqqında qərar qəbul edilib.

Sonda cari məsələlərə baxılıb.

AzNews.az