YAP mitinqlərə başlayır

"Prezidentliyimizə namizədimizin Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi, partiyamızın icra aparatının rəhbəri Əli Əhmədovun da dediyi kimi, İlham Əliyevin seçki kampaniyasında iştirak etməyə ehtiyacı yoxdur. Onun 10 illik prezidentliyi dövründə gördüyü işlər onun kampaniyasıdır. Ancaq bununla belə, Yeni Azərbaycan Partiyası bütün yaşayış bölgələrində seçicilərlə birbaşa görüşlər keçirəcək, onlara qarşıdakı illərlə bağlı platformamızı izah edəcək".
Bu sözləri AzNews.az-a Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.

O bildirib ki, YAP təbliğat dövründə mitinqlər, aksiyalar, müxtəlif konsert proqramları da keçirə bilər: "Biz artıq dünəndən bəri bütün ölkə üzrə seçicilərlə görüşlər keçirməyə başlamışıq. Bu görüşlərin hər birində ən azı 300-500 seçici iştirak edir. Seçicilərlə görüşlərimiz müxtəlif formalarda, - açıq və qapalı formada keçirilir. Ancaq bununla belə, biz təbliğat dövründə seçicilərimizlə daha kütləvi görüşlər, konsert proqramları təşkil edə bilərik. Bunlar da istisna deyil".

H.Paşayevin sözlərinə görə, YAP bu görüşlərin hər biri barədə yerli icra orqanlarına müraciət edir və qanunla prezidentliyə namizədlərə ayrılmış müvafiq yerlərdə öz seçiciləri ilə görüşlərini keçirir.

Elnur
AzNews.az