Cəmil Həsənlinin təbliğat materiallarına nə qədər pul xərclənib? – Açıqlama

Sentyabrın 16-da prezidentliyə namizədlərin seçki təbliğatı müddəti başlasa da, hələ ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təbliğat materiallarına seçki məntəqələri önündəki stendlərdə rast gəlinmir.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən MŞ-in mitinq komitəsinin rəhbəri Asəf Quliyev bildirib ki, C.Həsənlinin təbliğat materialları artıq hazırdır və sabahdan başlanaraq, müvafiq yerlərə yapışdırılacaq: "Cəmil Həsənlinin təbliğatı üçün hazırlanan broşürlar, seçki plakatları və digər materiallar artıq hazırdır. Sabah nəşriyyatdan götürüləcək və müvafiq yerlərə yapışdırılacaq".

A.Quliyevin sözlərinə görə, təbliğat materiallarına seçki büdcəsindən təxminən 2-3 min manat pul xərclənib: "Seçki təbliğatı üçün lazım olan çap materiallarına elə də çox pul tələb olunmur. Biz bunu daha öncəki seçkilərdən də görmüşük. Bu dəfə də çox xərc olmadı. Təxminən 3 min manata yaxın xərc çıxıb".

Elnur
AzNews.az