İşğal olunmuş ərazilərimizə dair qətnamə layihəsi BMT-də

"İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyət" və "GUAM məkanında davam edən münaqişələr, onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı qətnamə layihələri BMT baş Assambleyasının 68-ci sessiyasının gündəliyinə salınıb.

APA-nın BMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qətnamə layihələri 67-ci sessiyada müzakirəyə çıxarılmadığı üçün, cari sessiyanın gündəliyinə müvafiq olaraq 34 və 38-ci maddə kimi daxil edilib.

Ümumilikdə, 68-ci sessiyanın gündəliyinə 171 maddə salınıb. Bu maddələrdə sülh və təhlükəsizlik, Afrikanın inkişafı, insan haqları, silahsızlaşdırma, narkotiklərə nəzarət, cinayətkarlığın qarşısının alınması, beynəlxalq terrorçuluqla mübarizə və s. kimi məsələlər əksini tapıb.

Qeyd edək ki, 68-ci sessiyanın rəsmi açılışı sentyabrın 17-də Nyu-Yorkda keçirilib.