Milli Şura rəsmisindən etiraz: “Seçki taktikamız düzgün seçilmədi”

"Cəmil Həsənlinin vəkillərinin siyahısı tərtib olunarkən yalnışlığa yer verilib"


"Vahid namizədin əsas sifəti, güzgüsü onun vəkilləridir. Mən Cəmil Həsənlinin vəkillərinin heç birinin əlehinə deyiləm. Mən o vəkillərin seçilmə prosedurunun əlehinəyəm. 37 nəfər vəkilin arasında xeyli insanlar var ki, onlar 3 partiyanı təmsil edən şəxslərdir. Onların partiya paritetləri qorunub. Bir neçə partiyanın nümayəndələri cəmiyyətə Cəmil Həsənlinin nümayəndəsi kimi təqdim olunub. Bu cəmiyyətdə yaxşı qarşılanmır".

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal deyib. O bildirib ki, C.Həsənli müstəqil ziyalı olduğu üçün vəkil siyahısını tərtib edərkən, partiyasızlığı nəzərə alacağını düşünüb: "Azərbaycanın xeyli ziyalı təbəqəsi var. O siyahıda ilk öncə, ziyalı təbəqəsində sözünün kəsəri olan insanlar təmsil olunmalı idi. Həmin insanlar cəmiyyətə təsir edə bilərlər. Bu formada təşkil olunmuş vəkillər korpusu insanlarda hörmət, vahid namizədin təbliğində daha böyük rol oyanaya bilərdi".

V.Mirkamalın sözlərinə görə, C.Həsənlinin vəkil siyasında partiya təmsilçilərinin irəli verilməsi cəmiyyətdə yaxşı effet vermir və verə də bilməz: "Vəkillər korpusu təşkil olunarkən, ilk növbədə Cəmil bəyin ziyalı olması nəzərə alınmalıydı. Orada ziyalıların çəkisi daha artıq olmalı idi. Mən bir neçə ziyalıya təklif etmişəm. Həmin ziyalılarımız birinci sırada olsaydılar, o siyahını doldurmaq və uzatmaq olardı. Amma orada partiya fuksionerləri çox olduğundan, onları vəkil kimi təqdim etmək, sonradan isə ziyalı axtarışına çıxmaq taktikası heç vaxt özünü doğrultmur".

Bu baxımdan, MŞ rəsmisi hesab edir ki, C.Həsənlinin vəkillərinin siyahısı tərtib olunarkən yalnışlığa yer verilib: "Seçki taktikasında etdiyimiz bu yalnışlar nəticəyə təsir edə bilər. Bu, axırıncı debatda da özünü sübut etdi. Milli Şura və onun namizədinə qarşı hücumlar güclənib. Biz Cəmil müəlimi "xor kapella"nın qarşısında silahsız qoymuşuq. Eyni zamanda, ailə işlərinin qarışdırılması, təhqir predmetləri önə çəkildi. Bütün bunlar isə bizim namizədin ziyanına işləyən amildir. Cəmil müəllimin təhqir olunmasına şərait yaradaraq, sonda onu ziyalı kimi itirə bilərik. Bu düzgün taktika deyil".

Bahar Rüstəmli
AzNews.az