Prezidentliyə namizəd Prezidentə müraciət edəcək

Prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə prezident İlham Əliyevə müraciət edəcək. Bu barədə AzNews.az-a açıqlamasında İ.Ağazadə özü məlumat verib. Prezidentliyə namizəd bildirib ki, sentyabrın 22-də Ağstafa rayonunda seçicilərlə görüşündə baş vermiş hadisə ilə bağlı Mərkəzi Seçki Komissiyasına və ölkə prezidentinə müraciət edəcək: "Artıq müraciətlər hazırlanır və həm prezidentə, həm də Mərkəzi Seçki Komissiyasına dünən bizə qarşı baş vermiş təxribatla bağlı şikayət ünvanlayacaq, məsul şəxslərin cəzalandırılmasını tələb edəcəyik".

Ümid Partiyası sədrinin sözlərinə görə, ona qarşı törədilən qanunsuz əməlləri rayonun icra başçısının müavini Ramiz Tatarov şəxsən həyata keçirib.

Qeyd edək ki, dünən Ağstafada İ.Ağazadənin seçiciləri ilə görüşünə mane yaradıldığı barədə mətbuatda məlumat yayılmışdı. Məlumata görə, görüşə müdaxilə etməyə çalışan yerli icra hakimiyyəti orqanları ilə Ümid tərəfdarları arasında gərginlik yaranmışdı.

Anar
AzNews.az