Qabil Hüseynli: “Rəsmi Bakının susması Rusiya və İranın təsirilə bağlıdır” Qabil Hüseynli: “Rəsmi Bakının susması Rusiya və İranın təsirilə bağlıdır”

“Azərbaycan məsələnin dinc yolla həllində maraqlıdır”

Qabil Hüseynli: “Rəsmi Bakının susması Rusiya və İranın təsirilə bağlıdır”

Dünyanın diqqət mərkəzində olan Suriyadakı proseslər artıq yekunlaşmaq üzrədir. Avropa dövlətlərinin əksəriyyəti birmənalı olaraq Bəşər Əsədin hakimiyyətdən uzaqlaşmasını istəyir. Artıq diplomatik korpuslar da bu ölkədə fəaliyyətlərini dayandırıblar. Ancaq Azərbaycanda bu ölkədə diplomatik missiyanın işi hələ dayandırılmayıb.

Baxmayaraq ki, rəsmi Bakı BMT Təhlükəsizlik Şurasında Suriya barədə qəbulu gözlənilən qətnamənin lehinə olub. Politoloq Qabil Hüseynli AzNews.az-a bu məsələni şərh edərkən deyib ki, BMT Təhlükəsizlik Şurasnın iclasında Suriya barədə qəbul olunacaq qətnaməyə Azərbaycanın səs verməsi düzgün seçim olsa da, sonrakı mərhələdə bunun davamı görünmür: "Həmçinin İstanbulda "Suriyanın dostları məclisi"ndə iştirak da Azərbaycanın pozitiv mövqeyinə dəlalət edir. Son dövrlərdə hamının Şam, Dəməşqdən diplomatlarını geri çağırması da bir növ Suriya diktatorunun vəziyyətini gərginləşdirən addım idi. Amma Azərbaycan bu addımı nədənsə atmaq istəmir. Mənə elə gəlir ki, bu Azərbaycana xal gətirən, dünyada mövqeyini genişləndirən addım deyil. Açığı bunun səbəblərini Rusiya və İranla bağlayıram. Çünki Azərbaycan Rusiya və İranı qəzəbləndirə biləcək addımlar atmaqdan belə demək mümkünsə, ehtiyatlanır. Bu səbəbdən də özünün diplomatik missiyasını Suriyadan geri çağırmır".

Ekspertin sözlərinə görə, rəsmi Bakı hansısa addım atarsa, təxribatla üzləşə biləcəyini düşünür: "Ən azı Rusiya və İran dəftərin bir küncündə bu məsələni öz gələcək fəaliyyətləri üçün qeyd edəcəklər. Hələ Azərbaycan İrana qarşı hər hansı bir hərəkət etməyib, amma bu ölkənin saytlarından biri Azərbaycan əhalisini İslam inqilabına çağırıb. İkinci bir tərəfdən də İran üçün təxribat törətməyə, nəyisə reallaşdırmağa heç bəhanə də lazım deyil. Əgər belə bir bəhanə olarsa, onu bəzəyib-düzəyib təqdim etmək məharətinə malikdir. Rusiyaya gəlincə, bu ölkə hətta ola bilsin bunun üçün Azərbaycandan xahiş də etsin. Yəni Rusıya Azərbaycandan hələlik diplomatik missiyasını geri çağırmamağa vadar edə bilər. Hər halda bu məsələdə razılaşdırılmış müəyyən addımların birgə atılması barədə ümumi razılığa gələ bilərlər".

Azərbaycanın bu məsələdə gözləmə mövqeyində dayanmadığını vurğulayan digər siyasi ekspert Elman Nəsirov da Aznews.az-a deyib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğundan onun kənarda dayanması inandırıcı səslənmir: "Ən azı üç dəfə bu məsələ BMT TŞ-nin müzakirəsinə çıxarılıb. Hər dəfə də Rusiya və Çin Suriyaya qarşı qəbul olunacaq qətnaməyə veto qoyub. Amma Azərbaycan bu qətnamələrin lehinə səs verib. Bu artıq rəsmi Bakının mövqeyidir. Onu da nəzərə alaq ki, Azərbaycan məsələnin dinc yolla həll olunmasında, dinc insanların ölümdən xilas olmasında maraqlıdır. Əslində Azərbacan bu proseslərdə fəal iştirakçı da deyil. Biz yalnız BMT Təhlükəsizlik Şurası çərçivəsində öz mövqeyimizi ifadə edirik. Bundan uzağa gedəcək addımlarımız da yoxdur. Bu da anlaşılandır. Azərbaycan böyük dövlət deyil. Azərbaycan dünyanın taleyini həll edən dövlətlərdən də deyil ki, bu məsələdə əsas söz sahibi olsun. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz mövqeyini bildirir və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusundan istifadə edərək prosseslərə müəyyən mənada təsir göstərə bilir".


Gültən

AzNews.az