- Köhnə - Siyasət
- 17 Oktyabr 2013 13:53
- 2 284
VİP partiyaları Rusiya səfirliyinin qarşısına çağırdı
"Rusiyada baş verən son olaylar indiki rus hakimiyyətinin əsl simasını ortaya qoydu. Hələ cinayəti sübut olunmamış bir şəxsə qarşı vəhşicəsinə davranırlar və bunu telekanallarda həyasızcasına bütün dünyaya təqdim edirlər. Əslində bu bir daha indiki rus hakimiyyətinin dövlətimizə qarşı münasibətinin göstəricisidir".
Bunu AzNews.az-a VİP-in sədr müavini Ramil Huseynov bildirib. Onun sözlərinə görə, cinayətkar öz layiqli cəzasını almalıdır, amma bu, cinayət sübut olunandan sonra baş verməlidir: "Sanki bir terror təşkilatının məhv edilməsi üçün əməliyyat tədbiri keçiriblər. Budurmu sizin mədəniyyətinizin göstəricisi, cənablar?
Bütün Azərbaycan bu məsələyə görə ayağa qalxmalı və təcili olaraq millətimizin bir nümayəndəsinin bu cur alçaldılmasına görə Rusiyada cavabdeh şəxslər Azərbaycan xalqından üzr istəməlidir. Qoy bütün dünya bizim millətin yüksək mədəniyyət və intellektə sahib olmasını yadından çıxarmasın. Qədim tarixə nəzər salsaq, mədəniyyətin inkişafı bizim millətdən başlayıb. Biz müstəqil dövlətik və bizim müstəqilliyimiz çox dövlətləri narahat edir. Amma bu reallıqdır, biz müstəqilliyimizi və suverenliyimizi daim qoruyub saxlamağa qadirik".
VİP təmsilçisi siyasi partiyalara da müraciət edib: "Azərbaycanda fəaliyyət göstərən partiyalarla Rusiya səfirliyi qarşısında toplaşıb bu məsələnin hesabını soruşmaq lazımdır. Biz heç bir cinayətkarın cəzasız qalmasını istəmirik. Lakin bu vəhşiliklə yox, insani davranışlar çərçivəsində olmalıdır".
Elnur
AzNews.az