Pənah Hüseyndən gözlənilməz mövqe: “İctimai Palata” buraxılmalıdır

"İctimai Palata ilə Milli Şuranın paralel olaraq fəaliyyət göstərməsi doğru deyil. Bu qurumlardan biri öz fəaliyyətini dayandırmalıdır".


Bunu AzNews.az-a Azərbaycan Xalq Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib.

O bildirib ki, hər iki qurum müxalifətin konsalidasiyasına xidmət edir və bu təşkilatlar öz fəaliyyətində bu və ya digər şəkildə öz missiyalarının öhdəsindən gələ biliblər. Hazırkı məqamda isə vəziyyəti düzgün qiymətləndirilməli və uğurlu addım atılmalıdır.

P. Hüseyn deyib ki, Demokratik Qüvvələrin Milli Şurasının üzvü olmasa da, bu qurumun yaranmasını müdafiə edib. İctimai Palata isə öz fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, bütün bu məsələlərə vaxtı çatanda aydınlıq gətiriləcək: "Əlbəttə, iki strukturun eyni işi görməsi də düzgün deyil. Milli Şuranın üzvü olmadığıma görə, bu qurumun fəaliyyətinə xitam verilməsi və ya davam etdirilməsi haqda bir söz deyə bilmərəm. İctimai Palata isə sessiyada öz fəaliyyətinə aydınlıq gətirməlidir. Bu prosedur İctimai Palatanın Əsasnaməsi ilə icra olunur. Hazırkı məqamda isə İctimai Palatanın yox, Milli Şuranın fəaliyyətini davam etdirməsini məqsədəuyğun hesab edirəm".

Ramil
AzNews.az