"Qırmızı attestat anlayışı elektron sistemdə sual doğurur" – Ramin Nurəliyev

"Məsələ həqiqətən də əsas məsələlərdən biridir. Çünki əvvəlki illərə nəzər salsaq, şagirdlərin motivasiyasını artırmaq üçün attestatların rənglə fərqləndirilməsi praktikası mövcud idi. Belə ki, qırmızı attestat daha yüksək nəticə göstərən, əlaçı şagirdlərə təqdim olunurdu, digər attestatlar isə ümumi orta təhsili bitirənlərə verilirdi. Bu yanaşma müəyyən mənada ali təhsil mərhələsində də tətbiq olunurdu. Hazırda isə Elm və Təhsil Nazirliyi elan edib ki, bu ildən etibarən şagirdlərə elektron attestatlar və diplomlar təqdim olunacaq. Bu yenilik bir sıra suallar doğurur: elektron formatda təqdim edilən attestatlarda fərqləndirmə necə aparılacaq? Qırmızı attestat anlayışı necə əks olunacaq? Nazirlik hələlik bu məsələnin detalları ilə bağlı geniş açıqlama verməyib. Şəxsi yanaşmaya görə, attestatların vahid standart formada təqdim olunması daha məqsədəuyğundur. Rəng əsaslı fərqləndirmənin elektron mühitdə saxlanılması həm texniki, həm də təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər. Məsələn, elektron sənədlərdə rəngin dəyişdirilməsi və ya saxtalaşdırılması ehtimalı istisna deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, uzun illər ərzində qırmızı diplom tələbələr üçün təkcə akademik nailiyyətin göstəricisi deyil, həm də fərqlənmənin simvolu kimi qəbul olunub. Bu sənəd, yüksək nəticə əldə edən tələbələrin zəhmətinin vizual təsdiqi olmaqla yanaşı, digərləri üçün də ciddi motivasiya mənbəyi rolunu oynayıb. Qırmızı diplom almaq bir çox hallarda tələbələr arasında rəqabəti artırır, daha yüksək nəticələr əldə etməyə təşviq edirdi. Lakin diplomların elektron formata keçirilməsi bu ənənəvi vizual fərqləndirmənin tədricən aradan qalxmasına gətirib çıxara bilər.

Ekspert bildirib ki, bu baxımdan fərqlənən şagirdlər üçün ayrıca elektron sertifikat, təqdirnamə və ya təşəkkürnamənin təqdim olunması daha məqsədəuyğun və effektiv hesab edilə bilər.

"Belə sənədlər şagirdin akademik uğurlarını ayrıca vurğulayar və onu digərlərindən fərqləndirər. Beynəlxalq təcrübəyə nəzər saldıqda da oxşar yanaşmaların tətbiq olunduğunu görürük. Avropa ölkələrində, Kanadada, ABŞ-da, eləcə də Yaponiya və Çində şagirdlərin və tələbələrin nailiyyətlərini göstərən əlavə sənədlər — məsələn, referans məktubları və ya tövsiyə xarakterli arayışlar geniş istifadə olunur. Bu sənədlər ali təhsil müəssisələrinə qəbul zamanı müəyyən rol oynayır. Digər maraqlı yanaşma isə “məktəb performans balı” modelidir. Bir çox inkişaf etmiş ölkələrdə şagirdlərin universitetə qəbulu yalnız yekun imtahan nəticələri ilə deyil, həm də məktəb dövründə göstərdikləri ümumi performans əsasında qiymətləndirilir. Məsələn, Finlandiya və Almaniya kimi ölkələrdə şagirdin illər ərzindəki akademik göstəriciləri və müəllim rəyləri qəbul prosesində mühüm əhəmiyyət daşıyır. Bu model Azərbaycanda da tətbiq oluna bilər. Yəni attestat yalnız yekun nəticəni deyil, şagirdin ümumi məktəb fəaliyyətini əks etdirən bir göstərici kimi təqdim edilə bilər. Bununla yanaşı, müəllimlər tərəfindən verilən referans məktubları da şagirdin həm akademik, həm də davranış göstəricilərini qiymətləndirmək baxımından faydalı ola bilər. Hazırkı vəziyyətdə Azərbaycanda qırmızı attestatın praktiki əhəmiyyəti kifayət qədər məhduddur. Universitetə qəbul zamanı əsas meyar topladığı baldır. Hətta çox kiçik bal fərqi belə nəticəyə birbaşa təsir edir və bu halda attestatın rəngi önəm daşımır. Bu səbəbdən yeni sistemdə fərqləndirmə mexanizmi daha funksional şəkildə qurulmalıdır. Məsələn, yüksək nəticə göstərən şagirdlərə əlavə bal verilməsi, təqaüd imkanlarının artırılması və ya ödənişli təhsil zamanı güzəştlərin tətbiqi kimi stimullaşdırıcı tədbirlər nəzərdən keçirilə bilər. Nəticə etibarilə, elektron attestat sisteminə keçid sadəcə texniki yenilik deyil, eyni zamanda qiymətləndirmə və motivasiya mexanizmlərinin yenidən qurulması üçün bir fürsətdir. Bu fürsətdən düzgün istifadə olunarsa, həm şagirdlərin motivasiyası arta, həm də təhsil sistemində daha ədalətli və effektiv qiymətləndirmə mühiti formalaşa bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az