AXCP sədrinin müavini: “Daha İctimai Palataya ehtiyac yoxdur”

"Cəmil Həsənlinin bundan sonrakı statusunun müəyyənləşməsi üçün daxili müzakirələrə ehtiyac olacaq".
Bu açıqlamanı AzNew.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib.

C. Həsənlini müxalifət üçün uğurlu prezidentliyə namizəd kimi xarakterizə edən F. Qəhrəmanlı bildirib ki, bundan sonrakı proses Milli Şurada araşdırılmalıdır.

F. Qəhrəmanlı Xalq Cəbhəsi və Müsavat partiyalarının birləşməsi təklifləri haqda da danışıb: "AXCP və Müsavat Partiyası arasında əməkdaşlıq yalnız, Milli Şura çərçivəsində davam etdirilə bilər. Bu iki partiyanın birləşməsi məsələsi bir neçə il əvvəl gündəmdə olub. AXCP qeyri-şərtsiz birləşmə ilə bağlı qərar qəbul edib. Lakin Müsavat Partiyası AXCP-nin bu addımına adekvat reaksiya verməyib".

Onun sözlərinə görə, indiki məqamda bu məsələ gündəmdən çıxıb və öz aktuallığını itirib. AXCP sədrinin müavini qeyd edib ki, hazırda bu iki partiya arasında əməkdaşlıq Milli Şura çərçivəsində davam etdirilməlidir.

F. Qəhrəmanlı İctiami Palatanın fəaliyyəti ilə bağlı da mövqeyini açıqlayıb: "Milli Şura seçkidən uğurla çıxdı. Burada əməkdaşlıq edən siyasi təşkilatların birgə fəaliyyəti də təqdir olunasıdır. Belə vəziyyətdə paralel qurumların fəaliyyətinə ehtiyac yoxdur. İctimai Palatanın da müxalifətin birliyində mühüm rolu olub. Milli Şurada da vətəndaş cəmiyyəti təşkilatları təmsil olunur. Lakin, daha təkmil model kimi Milli Şuranın fəaliyyətinin genişləndirilməsi daha doğru addım olardı".

Ramil Məmmədli
AzNew.az