Asəf Quliyev: “Yeni hərəkat yaradacağam”

"Siyasi fəaliyyətimi heç bir partiyaya keçməklə davam etdirməyəcəyəm. Amma hərəkat formatında bir təşkilat yaradacağam".
Bunu AzNews.az-a AXCP sədrinin sabiq müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyev bildirib. A. Quliyevin sözlərinə görə, onun təşəbbüsü ilə milli ideologiyaya dayanaqlı bir təşkilat yaradılacaq: "Çalışıram ki, bu təşkilat dekabrın sonlarına kimi olsun formalaşsın".

Naxçıvan Ziyalıları Birliyi iclasının keçirilməsi barədə yayılan xəbərlərə gəldikdə isə A. Quliyev deyib ki, bu qurumun yığıncağını keçirmək təşəbbüsü ilə çıxış etməsinə səbəb AXCP-dən və Milli Şuradan çıxması haqda məlumat vermək olub: "Naxçıvan Ziyalıları Birliyinin oktyabrın 26-na iclasını təyin etmək istəyirdik. Amma yer tapa bilmədik. Hazırda yer axtarırıq. Mən də partiyadan və Milli Şuradan nə üçün getməyimə orada aydınlıq gətirəcəydim".

O, bir daha əvvəllər təmsil olunduğu qurumlardan istefa verməsi məsələsinə də toxunub: "Kimisə ittiham edən deyiləm. Nə də kimsə məni ittiham etməməlidir. Getmişəm, öz yoluma uyğun olaraq, mübarizəmi davam etdirəcəyəm. Kiməsə qarşı da deyiləm".

Bahar Rüstəmli
AzNews.az