- Köhnə - Siyasət
- 28 Oktyabr 2013 12:29
- 2 046
Müsavatda gərginlik - Müşaviri İsa Qəmbərə xəbərdarlıq etdi
Hüseyn Məlik: "Müsavat Partiyasında birləşdirici fiqur İsa Qəmbərdir"
"Müsavat Partiyasında başqanlıq seçkisinin keçirilməsi ilə bağlı mövqeyim dəyişməyib. Partiyanın qurultayı keçirilməli, Müsavatın yeni başqanı seçilməlidir".
Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqanının müşaviri Səxavət Əlisoy deyib.
O bildirib ki, İsa Qəmbər daim çıxışlarında Müsavat Partiyasının demokratik dəyərlərə sadiq qaldığını və başqan vəzifəsindən getmək niyyətində olduğunu söyləyib:
"Artıq neçə müddətdir həm dostlarımız, həm də bizi dost bilməyənlər tərəfindən İsa Qəmbərin başqan vəzifəsindən getməsi, yəni qurultayda namizədliyini irəli sürməməsi məsələsi önəmli müzakirə məsələsinə çevrilib. İsa Qəmbərin özü də iki başqanlıq müddətindən artıq bu vəzifəni icra etmək niyyətində olmadığını deyib. O bu fikrində qaldığını da deyib. Hətta bəziləri başqan vəzifəsinin İsa Qəmbər tərəfindən zəbt edildiyini də deyirlər. Bunu əsasən iqtidar mənsubları öz fikirlərində tez-tez bildirir. Burada bir paradoks yaranıb. İqtidar İsa Qəmbərin başqanlıqdan getməsində maraqlıdır. Amma iqtidar qurultayın keçirilməsinə imkan yaratmır ki, bu proses reallaşsın".
S. Əlisoy əlavə edib ki, Müsavat Partiyası siyasi cəhətdən yetkin səviyyədə olduğundan, başqan vəzifəsinin icrasında heç bir narahatlıq müzakirə mövzusu ola bilməz:
"Açığını demək istəyirəm ki, bəzi partiyaların, hətta deyərdim ki, böyük əksəriyyəti partiyanı şəxsi təsərrüfatı bilirlər və təşkilatı siyasi bazarlıq predimetinə çevirirlər. Bütün bunları isə Müsavat Partiyasına şamil etmək olmaz. Bizdə İsa Qəmbərdən sonra partiyanın gələcəyi ilə bağlı heç bir narahatlıq yoxdur".
S. Əlisoy qeyd edib ki, İsa Qəmbərin yenidən seçkiyə qatılacağına inanmır:
"İnanmıram ki, İsa Qəmbər partiyanın başqanlığına keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürsün və ya bu təklifi dəstəkləsin. İsa Qəmbər namizədliyini verməklə nəinki öz reytinqinə, həmçinin uğrunda mübarizə apardığımız demokratiyanın oturuşmasına zərbə vura bilər".
Partiya başqanının müşaviri seçkidə namizəd kimi iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə də münasibətini bildirib:
"2012-ci ilin yanvarında öz mövqeyimi açıqlamışam və indi də bunun üzərində dayanıram. Mən başqan vəzifəsi uğrunda keçiriləcək seçkilərdə namizədliyimi irəli sürəcəm və sözüm qüvvədədir. Əlbəttə, məndən başqa da bu posta iddialı şəxslər var və olacaq. İnanıram ki, İsa Qəmbər də seçkilərdə tərəf nümayiş etdirməyəcək və hansısa namizədin xeyrinə fikir söyləməyəcək. Əgər bunun əksinə olsa, bu, İsa Qəmbərin reytinqinə də mənfi təsir göstərəcək".
Müsavat Partiyası başqanının digər müşaviri Hüseyn Məlik isə fərqli mövqe nümayiş etdirib. O, İsa Qəmbərin başqan vəzifəsindən getməsini məqsədəuyğun olmadığını deyib:
"Bu məsələdə haçalı – fərqli fikirlər səslənir. Partiya daxilində bununla bağlı geniş müzakirələr aparılıb. Mənim isə mövqeyim bundan ibarətdir ki, Qurultayda əvvəlcə partiyanın Nizamnaməsinə dəyişiklik edilməlidir. Sonra bir nəfərin eyni vəzifəyə iki dəfədən artıq, ardıcıl olaraq seçilməsini qadağan edən müddəa Nizamnamədən çıxarılmalıdır. Daha sonra isə İsa Qəmbərin namizədliyi irəli sürülməli və o başqan seçilməlidir".
H. Məlik onun bu məsələdə həmfikirlərinin az olmadığını, hətta partiya üzvlərinin əksəriyyətinin belə mövqedə olduğunu da qeyd edib: "Bizə bunun antidemokratik olduğunu heç kim irad tuta bilməz. Hansı partiya bunu edib ki, bizdən də bu addımı atmağı tələb etsinlər. Fikrimcə, Müsavat Partiyasında birləşdirici fiqur İsa Qəmbərdir".
Ramil Məmmədli
AzNews.az