"Milli Şuranın mübarizəsinə ən azı mənəvi-siyasi dəstək verəcəyik" "Milli Şuranın mübarizəsinə ən azı mənəvi-siyasi dəstək verəcəyik"

Müsavat və Liberal partiyaları arasında qalmaqal

"Milli Şuranın mübarizəsinə ən azı mənəvi-siyasi dəstək verəcəyik"





"Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsində, sənədlərin hazırlanmasında, MSK-ya sənədlərinin təqdim edilməsində, məhkəmədə onun hüquqların müdafiə edilməsində Liberal Partiya digər partiyalarla birgə sonadək çox aktiv olub. Biz bu proseslərdə Müsavat Partiyasının nümayəndəsini görməmişik".

Bunu APA-ya açıqlamasında Liberal Partiyasının sədri Əvəz Temirxan deyib.

Ə. Temirxan bildirib Ki, Lalə Şövkət Cəmil Həsənlinin də namizədliyini sonadək dəstəkləyib, onun seçkiqabağı kampaniyasına zərbə vurmamaq üçün ittihamlara cavab verməyib, Liberal Partiya imkanları daxilində Cəmil Həsənlinin müdafiəsinə çalışıb: "Hətta üzvlərimizin sənədlərinin Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi MSK-ya göndərilməsinə maneçiliklər törədilsə də, yerlərdə Cəmil bəylə seçicilərin görüşünün təşkilində imkanımız çərçivəsində əlimizdən gələni etmişik. Xüsusən Quba və Mingəçevirdə görüşlərin təşkilində aktiv iştirak etmişik. Məsələn, Cəmil Həsənlinin Qubada seçicilərlə görüşünü Liberal Partiyanın Quba və Qusar təşkilatları bir sıra digər partiyaların yerli təşkilatları ilə birgə təşkil edib. Xarici mətbuata müsahibə verməsi ilə bağlı Qubaya gedə bilmədiyi üçün o görüş Cəmil Həsənlisiz keçirilib. Həmin görüşdə Müsavat Partiyasının yerli təşkilatının heç bir nümayəndəsi iştirak etməyib".

Əvəz Temirxan Liberal Partiya nümayəndələrinin Cəmil Həsənlinin səlahiyyətli nümayəndə kimi qeydə alınması prosesinə də prezidentliyə namizədin Seçki Qərargahı tərəfindən maneə törədildiyini qeyd edib. Əvəz Temirxan qeyd edib ki, özünün, o cümlədən bölgədə nüfuzu olan ALP nümayəndələrinin Cəmil Həsənlinin vəkilliyinə namizəd kimi sənədləri Seçki Qərargahına vaxtında təqdim olunsa da, kimsə onların MSK-ya təqdim olunmasına mane olub. Onun sözlərinə görə, son məqamda Cəmil Həsənli öz təşəbbüsü ilə yenidən işə qarışıb və onlar artıq vəkil kimi deyil, səlahiyyətli nümayəndə kimi qeydə alınıblar: "Bütün bunlara baxmayaraq, Cəmil Həsənlinin namizədliyini sonadək müdafiə etmişik. Hətta Lalə Şövkətin seçki öncəsi Milli Şuradan istefa verməsi barədə bəyanatının da geniş müzakirəsinə imkan verməmişik, məsələlərin birtərəfli müzakirəsinə məhdudiyyət qoymuşuq, lakin Müsavatdakı opponentlərimiz bunu ediblər. Məqsədimiz seçki kampaniyasına xələl gətirməmək olub. Bütün bunlardan sonra Lalə Şövkət və Liberal Partiyanın seçki prosesində Milli Şuraya dəstək vermədiyini söyləmək ən azı qərəzdən irəli gəlir. Biz indi də müxalifət daxilində düşmənçiliyin tərəfdarı deyilik. Milli Şuranın dünənki mitinqində də Liberal Partiyanın nümayəndələri iştirak edib. Özüm iştirak etmədim, çünki psixoloji baxımdan "taym-aut"a ehtiyac var. Biz bundan sonra Milli Şuranın mübarizəsinə ən azı mənəvi-siyasi dəstək verəcəyik. Xalq kimin qərəzli, kimin obyektiv olduğunu, kimin müxalifət daxilində qarşıdurmadan qaçmaq istədiyini, kimin qarşıdurmaya getdiyini görür".

Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Arif Hacılı isə Əvəz Temirxanın dedikləri ilə razılaşmayıb. O, APA-ya açıqlamasında Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi müzakirə olunarkən Müsavat Partiyasının bu prosesdə iştirak etdiyini söyləyib: "Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi təşkilati-texniki baxımdan müdafiə olunmasını Eldar Namazova, Liberal Partiyadan Elman Məmmədova və digərlərinə tapşırmışdılar. Cəmil Həsənli isə hələ prezidentliyə namizədliyi irəli sürülməmişdən öncə mənimlə telefonla danışan zaman dedi Ki, namizəd olarsa, bu prosesdə necə iştirak edəcəyəm. Mən də bildirdim ki, mənə partiyadan hansı işi tapşırsalar, o işi də görməyə hazıram. Cəmil Həsənli mənim onun Seçki Qərargahına rəhbərlik etməyimi istədi. Mən də Cəmil Həsənlinin Seçki Qərargahına rəhbərlik etmişəm. Ancaq Rüstəm İbrahimbəyovun namizəd olduğu mərhələdə Müsavat Partiyasının, mənim və Gülağa Aslanlının bu prosesdə ön cərgədə olmamağımızla bağlı seçimi biz etməmişik. Mənə Rüstəm İbrahimbəyovun seçki prosesində hər hansı vəzifə təklif olunmayıb. Bir məqamı da qeyd edim ki, Milli Şuranın seçki komissiyasının yaradılması təklif olunmuşdu, lakin Milli Şuranın İcra Aparatı seçki komissiyasının yaradılmasına ehtiyac olmadığını bildirdi. Bu, Milli Şuranın rəhbərliyinin öz seçimi idi".

Arif Hacılı Cəmil Həsənlinin Seçki Qərargahına rəhbərlik etdiyi dönəmdə Liberal Partiyasına hər hansı tapşırıq vermədiyini, Liberal Partiyanın da hər hansı işi görməklə bağlı xidmətlərini təklif etmədiyini vurğulayıb: "Mən onların seçki dövründə hər hansı iş görmədikləri iddiasında da olmamışam. Hesab edirlərsə ki, Quba görüşünün təşkilində iştirak ediblər və bu dəstək onların iddialarına uyğundur, deməli, dəstək veriblər".

AzNews.az