“Bundan müsavatçılar bəhrələnir” – Zəminə Dünyamalıyeva

"Azərbaycan Demokrat Partiyasını yaratdıq verdik məlum şəxslərə, Açıq Cəmiyyət Partiyasını təsis etdik, indi ondan müsavatçılar bəhrələnir.
Müsavat Partiyasında bir iş görə bilməyənlər ACP-də məqam sahibi oldular. İndi nə yaradaq, siz deyin".


Bunu AzNews.az-a açıqlamasında ACP Ali Məclisinin sədri vəzifəsindən, Milli Şuranın və İctimai Palatanın üzvlüyündən bir müddət əvvəl istefa vermiş Zəminə Dünyamalıyeva deyib.

Z. Dünyamalıyeva bildirib ki, bu gün müxalifət düşərgəsində təmsil olunan bir neçə qurumun təsis olunmasında yaxud da, inkişafında onun və həmfikirlərinin böyük əməyi olub. Sonradan isə bu qurumlardan başqaları bəhrələnib:

"Adını çəkdiyim və çəkmədiyim qurumları biz yaratdıq, başqaları isə bundan qazanc götürdü. Bu həqiqətdir. Artıq bizim tərəfimizdən əlavə qurumun yaradılmasına lüzum görmürəm. Məncə, başqaları üçün çalışmağa ehtiyac yoxdur".

Z. Dünyamalıyeva buna baxmayaraq, siyasi fəaliyyətdən kənarlaşmadığını da qeyd edib:

"Siyasətlə məşğul olmaq məmurlara qadağandır. Mən təmsil olunduğum qurumlardan istefa verəndə, bunu siyasətdən kənarlaşmağım kimi qələmə verənlər də oldu. Siyasətlə məşğul olmaq üçün partiya mənsubiyyətinin olmasına ehtiyac yoxdur".

Z. Dünyamalıyeva müstəqil siyasi fəaliyyətlə məşğul olacağını söyləyib:

"ACP-dən, İctimai Palatadan və Milli Şuradan ona görə istefa vermişəm ki, adını siyasətçi qoymuş naşı siyasətçilərdən uzaqlaşım. Bu addımımla onların yardımçısı olmaq, səhv əməllərinə şərik olmaq istəmirəm. İyirmi ildir bunların naşılığı ucbatından Azərbaycan cəmiyyəti bu vəziyyətə düşüb".

Teymur
AzNews.az