YAP Cəmil Həsənlini məhkəməyə verəsi olmadı - SƏBƏB

Siyavuş Novruzov: "Cəmil Həsənli məhkəməyə verilsə, bu ona hörmət gətirər"

"Cəmil Həsənlinin adını çəkməyin. Çünki siyasətdə belə bir adam yoxdur. Milli Şura da ölüb və daha yoxdur. Həmin qurumda olanlar da "Ölü canlar"dır".

Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şura daxilindəki son proseslərə münasibət bildirərkən deyib.

O, C. Həsənlinin Milli Şuranın prezidentliyə namizədi olduğu dövrdə İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə, məhkəməyə müraciət edilib-edilməməsi məsələsinə də münasibət bildirib: "Cəmil Həsənli məhkəməyə verilsə, bu ona hörmət gətirər".

S. Novruzov bildirib ki, həmin təşkilat bitib və fəaliyyəti də de-fakto dayanıb: "Adı olan özü olmayan Milli Şuranın rəhbərliyi uğrunda aparılan çəkişmə isə partiya sədrləri tərəfindən edilən maxinasiyadır. Onların öz partiyalarında nə hörməti, nə izzəti qalmayıb. Həmin adamları öz partiyalarından uzaqlaşdırmaq istəyirlər, həmin adamlar isə özlərinə daldalanmağa yer axtarırlar. Hazırkı vəziyyətdə onlar bir-birilərinin iç üzünü açıb, cəmiyyətə bəlli edirlər. Dediklərim təsdiq etdi ki, bunlar öz və xaricdəkilərinin maraqlarına xidmət etdilər".

Məhəmməd
AzNews.az