Fransada Demokratiya Forumu başlayıb


Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Ümumdünya Demokratiya Forumu keçirilir.

AzNews.az-ın məlumatına görə, tədbirdə əksər ölkələrin tanınmış siyasət və dövlət xadimləri iştirak edib, demokratiyanın aktual problemləri ilə bağlı 10 istiqamətdə müzakirələr aparılıb.

Forumda Azərbaycanı AŞPA-dakı Milli Məclisin deputatları Rafael Hüseynov və Sabir Hacıyev təmsil edir.

Forumun açılış mərasimində çıxış edən Seneqalın sabiq Prezidenti, Beynəlxalq Frankofoni təşkilatının baş katibi Abdu Diuf, Fransanın xaricdəki soydaşlarla iş üzrə naziri Elen Konvey Mure, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, AŞPA-nın sədri Jan Klod Minyon çıxış ediblər.

Çıxış edənlər rəqəmsal dünyada demokratiyanın mahiyyətində və gerçəkliyə tətbiqində dəyişikliklər baş verdiyindən söz açıblar.

İnternetdə ifadə azadlığının hüdudsuz sərbəstliyinin vacibliyindən bəhs edən bir sıra demokratlar indi ifrat azadlığın fəsadlarından, demokratiya üçün törətdiyi təhlükələrdən danışıblar.

Azərbaycanlı deputatlar "Demokratiya üçün vərdişlər", "Açıq parlament", "Məhəlli rəqəmsal demokratiya", "Şəffaflıq axtarışları və demokratiya" və digər bölmələrdə gedən müzakirələrə qatılıblar.

Deputat Rafael Hüseynov Azərbaycanın Avropa Şurasına üzv olduğu 13 il ərzində demokratiya mədəniyyətini mənimsəməkdə qazandığı uğurlar haqda danışıb. O deyib ki, çoxmillətli və çoxdinli Azərbaycan çox ölkələrə nümunə ola biləcək ideal tolerantlıq mühiti yaranıb.

AzNews.az