- Köhnə - Siyasət
- 25 Dekabr 2013 11:07
- 4 625
Fərasət Qurbanov: “Bu ədalətsizlikdir, buna yol vermək olmaz“
- Şuranın gündəlik fəaliyyəti hansı istiqamətləri əhatə edir?
- Cənab prezident İlham Əliyevin 27 iyul 2007-ci il sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapdığı kimi, Şura QHT-lərin inkişaf məsələləri, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti inistitutlarının beynəlxalq əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, dövlət orqanları və QHT-lər arasında effektiv tərəfdaşlıq münasibətlərinin qurulması və s. sahələrdə dövlət siyasətini həyata keçirir.
Şura yarandığı gündən, 2008-ci ilin 16 aprelindən etibarən Azərbaycanda vətəndaş cəmiyyətinin çoxcəhətli inkişafı ilə bağlı tələb olunan bütün istiqamətlərdə ictimaiyyət üçün kifayət qədər açıq və şəffaf şəkildə fəaliyyət göstərir.
Məlum olduğu kimi, Şura 2 dekabr 2013-cü ildə milli QHT-lər üçün 2014-cü il maliyyə müsabiqəsi elan edib. Hazırda QHT-lərin müsabiqə zamanı qarşılarına çıxan məsələlərin operativ həllinə səy göstəririk. Eyni zamanda Şuranın xarici QHT-lər üçün maliyyə müsabiqəsində qalib gələn təşkilatların layihələrinin icrasını da yaxından izləməkdəyik.
Bu günlərdə Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Brüsseldə "Avropa Yəhudi Birliyi" və "Ukrayna Yəhudilər Konqresi"nin "Azərbaycanda yəhudi həyatı və tolerantlıq mədəniyyəti" layihəsinin yekununa həsr olunan beynəlxalq konfransda iştirak etdik. Yüksək səviyyədə baş tutan konfrans Avropa Yəhudi Parlamenti Baş Assambleyasının yaxından dəstəyi ilə Avropa Parlamentində təşkil olunmuşdu.
- Mətbuatda bu günlərdə müzakirə edilən əsas məsələlərdən biri də "Qeyri-hökumət təşkilatları haqqında" qanuna edilən əlavə və dəyişikliklərdir. Bu dəyişikliklərin məqsədi nədir və bunun əsasında hansı amillər durur?
- Vətəndaş cəmiyyəti inistitutlarının, xüsusu ilə də QHT-lərin üzərinə Azərbaycanda azad, plüralist mühitin yaradılması, müstəqil ictimai fikrin formalaşması, insan hüquq və azadlıqlarının təminatı işində mühüm vəzifələr düşür. Ölkəmizdə bütün sahələrdə müşahidə edilən tərəqqi prosesi şübhəsiz ki, qanunvericilik sahəsində də dəyişikliklərin olmasını zəruri edir. Bu inkişaf etməkdə olan bütün cəmiyyətlət üçün xas olan bir haldır.
Bu günlərdə Milli Məclisin "Qeyri-hökumət təşkilatları haqqında" qanuna qəbul etdiyi əlavə və dəyişikliklərdə məhz QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi, onların cəmiyyət və qanunlar qarşısında məsuliyyətinin artırılması tələbindən irəli gəlir.
Burda eyni zamanda beynəlxalq aləmdə zaman keçdikcə daha artıq dərəcədə tanınan və qəbul edilən Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lərin fəaliyyətindəki hüquqi boşluqlarının doldurulması da var. Məsələn sözügedən qanuna əlavə edilən 7.4-1 maddədə Qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatların, filial və nümayəndəliyin hüquqi ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri, ləğv olunması qaydasının göstərilməsinin vacibliyi əksini tapıb.
Yaxud həmin qanunun 9.7.5-ci maddəsinə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin Azərbaycan Respublikasının vətəndaşları olması ilə bağlı tələb irəli sürülür. Hesab edirəm ki, bu müddəalar cəmiyyətdəki bütün inistitutların şəffaf fəaliyyətinə çalışan QHT-lər tərəfindən normal qarşılanmalıdır.
Bundan yalnız fəaliyyətində aşkarlıq prinsipini gözləməyən vətəndaş cəmiyyəti qurumları narahat ola bilər. Qanunvericiliyə edilən son dəyişikliyə əsasən, bundan sonra QHT-lər il ərzində 4 dəfə dövlət reystrindən çıxarış almalıdırlar. Bu kifayət qədər sadə bir prosesdir və bu günlərdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi bu sənədin QHT-lərə tez bir zamanda verilməsi üçün fasiləsiz iş rejiminə keçib. Bir məsələni də burda qeyd etməyi vacib bilirəm ki, dövlət reystrindən çıxarışın etibarlılıq müddətinin 90 günə endirilməsi QHT-lərin üzərinə onu bu müddət tamam olan kimi dərhal təzələmək öhdəliyi qoymur. Yəni onu QHT bir qədər sonra, vacib sayılan mərhələdə də ala bilər.
Məsələn Şuranın 2014-cü il üçün layihə müsabiqəsində iştirak etmək istəyən QHT-lərə dövlət reysterindən yeni çıxarışın təqdim olunması şərti irəli sürülüb. Buna görə illərdir sözügedən sənədi yeniləməyən QHT-lərin çox hissəsi Ədliyyə Nazirliyinə müraciət edib. Basqa bir əlavə qeyri-hökumət təşkilatlarının peşəkar dini fəaliyyətlə məşğul olmasının qadağan edilməsi ilə bağlıdır ki, bu da din-dövlət münasibətləri sahəsində ölkəmizin daima izlədiyi siyasətə tamami ilə uyğundur və bunuda hansısa gözlənilməz bir dəyişiklik saymaq doğru olmaz.
- "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədlinin həbsi edilməsindən sonra Baş Prokurorluğun yaydığı sənəddə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da adı çəkilir. Bu məsələyə də aydınlıq gətirərdiniz.
- Məlum olduğu kimi 29 oktyabr 2013-cü il tarixdə hüquqi qeydiyyatı olmayan "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin vəzifəli şəxsləri haqqında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb və bir neçə gün öncə qurumun rəhbəri həbs edilib. Şübhəsiz ki, biz vətəndaş cəmiyyəti sferasına aid olan istənilən qurumla bağlı baş verən bu tip hadisələrdən təəssüf hissi keçirir və üzülürük. Ancaq əlbətdə hər bir dövlət qurumunun qanunla müəyyən edilmiş hüquq və vəzifələri vardır ki, buna da vətəndaşların və digər orqanlarının hörmətlə yanaşması lazımdır.
Birmənalı surətdə vurğulamaq istəyirəm ki, Şura hər hansı bir təşkilatın hüququ məsuliyyətə cəlb olunması ilə bağlı hansısa səlahiyyətə malik deyil. Biz Şura olaraq yalnız QHT haqqında qanunvericiliyin müddəaları ilə bağlı şərh vermişik. Bu məsələ isə hansısa konkret QHT-yə deyil, istisnasız olaraq bütün QHT-lərin fəaliyyətinə aiddir. Bizim Şura olaraq bu məsələdə adımızın hallanması isə hansısa şəxs və ya şəxslərlə əlaqəli deyil, bütövlükdə hadisənin məzmunundan irəli gəlir. Şura Baş Prokurorluğun konkret məsələ üzrə sorğusunu sırf peşəkar nöqteyi nəzərdən cavablandırıb. Şuranın QHT-lərə münasibətində bütün növ yanaşmalar qanunvericiliyin tələblərindən qaynaqlanır.
Biz Azərbaycanda QHT-lərin ölkənin demokratikləşdirilməsi, vətəndaş təşəbbüslərinin təşviq edilməsi, milli maraqlarımızın dünyanın hər bir yerində təmin edilməsi sahəsində vətəndaş cəmiyyətinin səylərinin artırılmasında və onların Azərbaycan dövlətinin yaratdığı imkanlardan bəhrələnməsində hər zaman maraqlıyıq.
Şuranın adınının bəzi QHT rəhbərləri tərəfindən Anar Məmmədlinin həbsi ətrafında hallandırılması məsələnin hüquq müstəvisindən siyasi müstəviyə keçirilməsi cəhdindən başqa bir şey deyil. Şübhəsiz ki, bu ədalətsizlikdir və buna yol vermək olmaz. Şura olaraq fəaliyyətimiz dövründə QHT-lərə onun rəhbərlərinin siyasi mənsubiyyətindən asılı olmayaraq daim dəstək vermişik.
Bunu qrant müsabiqələrinin nəticələri ilə tanış olmaqla hər bir kəs təsdiqləyə bilər. Hesab edirik ki, bu məsələ hüquq müstəvisində həll olunmalıdır. Biz bu istintaqın hüquq müstəvisində ədalətli və şəffaf şəkildə aparılmasının tərəfdarıyıq və hadisənin fəal müşahidəsini davam etdirəcəyimizi bildiririk.
AzNews.az