İlham Əliyev dağıstanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin genişləndirilməsində ölkəmiz ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Dağıstan Respublikası arasında əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun ölkəmizə səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, eləcə də Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev səfərin iqtisadi sahədə əməkdaşlığa dair məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını deyib.

Ramazan Abdulatipov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Dağıstan ilə Azərbaycan arasında münasibətlərin fəal şəkildə davam etdirilməsinə önəm verdiyini söyləyib.

Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirələrini ehtiramla yad etdiklərini vurğulayan Ramazan Abdulatipov Dərbənddə Heydər Əliyevin xatirəsinə yeni xiyaban və parkın salınması istiqamətində də işlərin görüləcəyini deyib.

Dövlət başçısı Dağıstanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayaraq bunun xalqımız tərəfindən əlaqələrimizin daha da gücləndirilməsi işində böyük xidmətlər göstərmiş mərhum prezidentə olan ehtiramın və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin təcəssümü kimi dəyərləndirildiyini dedi.

Prezident İlham Əliyev görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin bir hissəsinin Dağıstanla bağlı olmasını da məmnunluqla xatırlayıb.

XXX
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov birgə nahar ediblər.