Əli Əliyev məhkəməyə müraciət etdi: Siyasətçilər arasında dava böyüyür

"Eldəniz Quliyev Eldar Namazovun tapşırığı ilə hərəkət edir"


"Bu qrupun başında duran şəxs Eldar Namazovdur. Çünki bu sözləri deyən və yazan Eldəniz Quliyev Eldar Namazovun tapşırığı ilə hərəkət edir".

Bunu AzNews.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə aralarında yaranan qarşıdurmaya münasibət bildirərkən deyib.

Qarşıdurmanın yaranma səbəbləri haqqında da danışan Ə. Əliyev bildirib ki, adıçəkilən şəxslərlə aralarında olan narazılığın ilk mərhələsi Milli Şura yaradılması zamanı meydana çıxıb:

"Onların Milli Şura ideyasının əsl mahiyyətini gündəmə gətirdiyimizdən, əslində bu cür tərbiyəsizliyin və xuliqanlığın mətbuata çıxarılacağını da gözləyirdik. Təxminən yeni siyasi presidentlə üzləşmişik. Bunlar vəziyyəti bərabərləşdirmək istəyir və məlumatlıdırlar ki, biz məhkəməyə müraciət etməyi planlaşdırırıq. Onlar kimi xuliqan deyilik və bizim həmin adamlar kimi davranmaq tərbiyəmizə uyğun deyil. Söymək zəiflik və tərbiyəsizlik göstəricisidir. Ona görə də biz onların səviyyəsinə enmək fikrində deyilik. Hesab edirəm ki, məhkəmədə onların siyasi məkri açıqlacaq".

Ə. Əliyevin sözlərinə görə, onlarda "El" hərəkatının Azərbaycanda yeni mərhələ başlatmaq istəyində olduğuna dair məlumat mövcuddur: "Bu prosesdə isə bizi də özlərinə ən böyük maneə görürlər. İstəyirlər ki, bu prosesi başlatmazdan əvvəl bizi neytrallaşdırsınlar. Başqa səbəb görmürük və ola da bilməz".

VİP sədri deyib ki, digər tərəfə mütləq qanunun imkan verdiyi tərzdə cavab veriləcək: "Fevral 10-da müvafiq sənədlər məhkəməyə təqdim ediləcək. Məsələnin Cinayət Məcəlləsi ilə tövsif olunmasını istəyirik. Hələlik görünən tərəf Eldəniz Quliyev olduğuna görə, iddia ona qarşı qaldırılacaq".

Məhəmməd
AzNews.az