“ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyirlər“ - Səfir

"ABŞ Senatının iki əməkdaşının kəşfiyyat fəaliyyəti ilə məşğul olması fikri o qədər absurd, gülünc və saxtadır ki, bu iddiaları cavablamaqla onları şərəfləndirmək istəməzdim".

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar "casus məsələsi"nin ABŞ-Azərbaycan münasibətlərinə təsiri barədə jurnalistlərin sualını cavablandırarkən belə deyib və daha sonra əlavə edib:

"Ancaq onu düşünə bilərəm ki, bu cür açıq-aşkar saxta iddiaları yayanlar, sadəcə, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə zərbə vurmaq istəyirlər. Buna imkan verməməliyik".

Səfir deyib ki, Azərbaycanın suverenlik və müstəqilliyini möhkəmləndirmək Birləşmiş Ştatların öncəlik verdiyi məsələdir:

"Biz hər iki ölkənin marağında olduğu müxtəlif sahələrdə əməkdaşlıq edirik... Bəzən demokratiyaya dair məsələlər ortaya çıxır. Ancaq biz möhkəm tərəfdaş olaraq qalırıq. Güclü münasibətlərə ehtiyacımız var. Gülünc saxta iddialar işə yaramır".

Azadliq.org