Müsavatla “El” barışdı - Əməkdaşlıq olacaq


"Müsavat Partiyası ilə "El" hərəkatı arasında əməkdaşlıq sazişinin imzalanması istiqamətində danışıqlar davam etdirilir. Artıq sazişin detalları müzakirə olunur".


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, sazişin hüquqi tərəfi ilə komissiya məşğul olur:



"Bütün proses həm ölkə qanunvericiliyi, həm də təşkilatların nizamnamələrinə uyğun çərçivəsində öz həllini tapacaq. İlkin olaraq "El" hərəkatı ilə Müsavat Partiyası arasında ikitərəfli əməkdaşlıq sazişi hazırlanır. Sonradan bu çoxtərəfli saziş imzalanmasına təkan verə bilər".

G. Aslanlı adıçəkilən qurumlar arasında daha əvvəl mövcud olan narazılıq simptomlarının aradan qaldırıldığını da qeyd edib: "Əgər müəyyən razılaşmalar varsa deməli "El" hərəkatı ilə umu-küsülər yoxdur. Digər tərəfdən aramızda elə bir ciddi narazılıq olmayıb. Fikrimcə, siyasətdə daim düşmənlər və dostlar anlayışı yoxdur".

Xatırladaq ki, hər iki təşkilat 2013-cü il prezident seçkilərindən əvvəl yaradılan müxalifət birliyi olan Milli Şuranın təsisçiləri olublar. Sonradan isə hər iki qurum arasında daxili çəkişmələr səbəbindən bir sıra narazılıqlar yaranmışdı.

AzNews.az