“Böyük dövlətlərin problemlərinə qarışmamalıyıq” - Spiker

Deputat Fazil Mustafa Krım hadisələrindən sonra Azərbaycan rəhbərliyinin verdiyi qərarla bağlı müəyyən narahatlığın mövcud olduğunu bildirib.

"Qafqazinfo" nun məlumatına görə deputat qeyd edib ki, BMT-də mövqeyimizin səsləndirilməsi qürur verici idi:

"Amma bu məsələlərə çevik reaksiya verilməli idi. Təklif edərdim ki, YAP memorandum layihəsi hazırlasın, bu ərəfədə ölkədəki bütün partiyalar dövlətin xarici siyasət kursunu müdafiə etməsinə imza atsınlar".

Spiker Oqtay Əsədov isə həm Ukrayna, həm də Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu xatırladıb: "İndi Rusiyaya qarşı sanksiyalardan danışılır. Amma bunlar Rusiyadan əvvəl, Ermənistana tətbiq olunmalıdır".

MM sədri Dağlıq Qarabağla əlaqədar olduğu kimi Ukrayna və Rusiya münaqişəsinin həlli üçün də bənzər Minsk qrupunun yaradılmasını təklif edib: "Rusiya ilə Ukrayna arasında problem həll olunmalıdır. Biz böyük dövlət arasında problemlərə qarışmamalı, əsasən öz problemlərimizi qaldırmalıyıq. Bu məsələlərə əsasən öz kontekstimizdən yanaşmalıyıq".

YAP icra katibinin müavini Siyavuş Novruzov da öz növbəsində memoranduma ehtiyac olmadığını dedi: "Partiyalar istəsə, hər biri öz bəyanatı ilə çıxış edə bilər".

O həmçinin azərbaycanlı müxalifətçilərin bəzilərini tələskənlikdə suçlayıb: "Özbaşına Krıma gedirlər, ara qarışdırırlar. Sonradan şikayətlənirlər. Hadisələrin nəticəsini gözləmədən qıcıq yaradan hərəkətlər etmək olmaz".

AzNews.az