Müsavat paytaxt rəhbərliyinə müraciət edir

Müsavat Partiyası qurultayla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Bu barədə məlumatı AzNews.az-a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib.

Onun sözlərinə görə, müraciət Bakı Şəhər İcra Hakimiyyətinə bu gün təqdim olunacaq: "Dünən Müsavat Partiyanının qurultayla bağlı iclası keçirildi. Əsas təklif bu oldu ki, bizə qurultay keçirmək üçün 800-1000 nəfərlik zal lazımdır. Bu gün bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək."

Qeyd edək ki, Müsavat Partiyasının Qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsi adıçəkilən tədbirin iyunun 28-də keçirilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, 1911-ci ildə qurulmuş Müsavat Partiyası indiyəcən 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub. Bu qurultayda əsas məqam isə İsa Qəmbərin partiyanın başqanlığı uğrunda keçiriləcək seçkidə iştirak etməməsi ilə bağlı gözləntilərdir.

Bahar Rüstəmli
AzNews.az