Qabil Hüseynli: “Qərb heç vaxt regionda sabitliyin pozulmasını istəməz”

"Ramil Səfərovun azadlığa çıxması ilə Ermənistan vəziyyəti bir qədər dəyişməyə çalışdı. Amma heç bir halda Azərbaycana sanksiyalar tətbiq edilmədi". Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, qərb Cənubi Qafqaz regionundan öz maraqlarına görə istifadə edir. Ona görə qərb regionda sabitliyin qorunmasına çalışır: "Ramil Səfərovun məsələsində Amerikanın narazılığı başa düşüləndir. Çünki burada xristian faktoru var. Bu məsələdə Ermənistan müdafiə olunmalıdı idi. Rusiya da erməniləri həmişə müdafiə edib. Ermənistan da bu dövlətlərin dəstəyindən istifadə edib, Azərbaycana zərbə endirməyə çalışdı. Amma bu plan baş tutmadı. Ümumiyyətlə, Ermənistanın Azərbaycana təzyiq etməsi o qədər də inandırıcı görünmür".

Politoloq hesab edir ki, Qafqazdakı ölkələr arasında gərginliyin yaranması Rusiyaya sərf edir: "Rus dövləti hesab edir ki, bu cür addımlar atmaqla qərbin regiondakı nüfuzunu məhv edəcək. Amma Amerika və Avropa dövlətləri buna imkan verməz. Qərb üçün Cənubi Qafqaz strateji əhəmiyyət kəsb etdiyindən Əfqanıstan və digər Şərq ölkələrini əldə saxlamaq üçün buranı əldən verməz. Qazqaz qərbdən uzaqlaşsa, Əfqanıstana necə müdaxilə edəcək".

Şimali Qafqazdakı baş verən qarşıdurmalara da münasibət bildirən Q.Hüseynli deyib ki, şimalda toqquşmalar ona görə baş verdi ki, Rusiya bu əraziyə maliyyə yatırımı etmir: "Burada əhalinin sosial vəziyyəti çox aşağıdır. Əhalinin yaşayış səviyyəsi olduqca dözülməzdir. Bir-iki məmurun bina tikməsi ilə nə əldə oluna bilərki?!".

İlkin
AzNews.az