Əli Həsənov: “Artıq erməni xalqı ayağa qalxıb”

Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yaponiyanın "TV Tokio" telekanalına müsahibə verib.

AzNews.az xəbər verir ki, Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov müsahibədə Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti, Xocalı soyqırımı haqqında məlumat verib, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qaldıqlarını nəzərə çatdırıb.

Ə. Həsənov Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqları hesabına yaradıldığını, qədim Azərbaycan şəhərlərindən olan İrəvanın hazırda Ermənistanın paytaxtı olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub, Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ə. Həsənov bildirib ki, Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək istəyir: "Bir neçə dəfə erməni kəşfiyyat qrupları Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar edib. Bunun səbəbi odur ki, hakimiyyət son 20 ildə ölkədə heç bir iş görməyib, artıq erməni xalqı ayağa qalxıb. Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir".

Yaponiya-Azərbaycan əlaqələrindən də danışan baş nazirin müavini iki ölkə arasında yaxşı münasibətlərin olduğunu, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafında xüsusi rol oynadığını bildirib. Yaponiyanın bir sıra humanitar təşkilatlarının Azərbaycanda uğurlu layihələr həyata keçirdiyini deyən Ə. Həsənov bu ölkənin "Fuji Optical" şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.Bu şirkət 19 minə yaxın görmə qabiliyyəti zəif olan azərbaycanlı məcburi köçkünü eynəklərlə təmin edib.

AzNews.az