Müsavatda başqanlığa namizədlərə qadağa - Sənəd

“Müsavat Partiyasının başqanı postuna namizədlərin və ya tərəfdaşlarının sosial şəbəkələrdə bir-birini ittiham etməsinin qarşısını almaq üçün biz Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə müraciət etmişik”.



Bunu AzNews.az-a açıqlamasında partiyanın Məclis üzvü və Gənclər Təşkilatının sədri Əhliman Abbas deyib.

O bildirib ki, Gənclər Təşkilatı komitəyə "Yolverilməz təbliğat üsulları" adlı sənəd təqdim edib: "Bu sənəd təbliğat prosesi gedişində təhqir, böhtan, dini, milli ayrıseçkilik kimi xoşagəlməz halların qarşısını almaq məqsədi daşıyır. Təbii ki, bəzən hər şeyi ideal tənzimləmək olmur, qaydaları pozan, xoşagəlməz vəziyyət yaradanlar olacaq. Əlbəttə, bunun birbaşa namizədlərdən qaynaqlandığına da inanmıram".

Onun sözlərinə görə, başqanlığa namizədlərin heç biri təhqiri, əsassız ittihamı təşviq etməz: "Ancaq namizədlər özlərinin tərəfdarlarını bu kimi şeylərdən uzaq durmağa vadar edə bilərlər. Bu prosesdə namizədlərin də üzərinə bu sahədə iş düşür.
Namizədlər başa düşürlər ki, yolverilməz üsullardan istifadə onların özlərinin şanslarının azalmasına səbəb ola bilər".

Bahar Rüstəmli
AzNews.az