“Rusiya Xəzərin milli sektorlara bölünməsinin əleyhinədir”

“18 ildir ki, Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlmək mümkün olmur”.



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov Moskvada keçirdiyi brifinqdə deyib.

İ. Bratçikov Xəzər probleminin həllinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu söyləyib. O, sentyabrın 29-da keçiriləcək Həştərxan sammitində müzakirə olunacaq məsələləri də açıqlayıb: "Sammitdə Xəzər hövzəsinin ümumi təhlükəsizliyi, bioloji resurslarının qorunub saxlanması, ekologiya, iqtisadiyyat və humanitar sahələrə dair məsələlər müzakirə olunacaq. Hidrometeorologiya və ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərarası sənədlər imzalanacaq. Konvensiya təkcə Xəzəri bölməklə məhdudlaşmır. Burada kompleks problemlər mövcuddur, hərbi aspektdən tutmuş digər məsələlərə qədər... Bütün bu məsələlərlə bağlı razılıq əldə olunsa, Xəzərin hüquqi statusu haqda Konvensiya imzalanacaq".

İ. Bratçikov Xəzərin delimitasiyasına dair bir çox məsələlərdə razılıq əldə olunduğunu vurğulayıb: "Rusiya artıq Azərbaycan və Qazaxıstanla sərhədini müəyyənləşdirib. Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran öz aralarında razılığa gəlməlidirlər".

Səfir Xəzərin hüquqi statusu məsələsində fikir ayrılıqlarından birinin İranın mövqeyi ilə əlaqəli olduğunu etiraf edib: "İranın Xəzərin dibinin və su səthinin bölünməsi ilə bağlı hər dövlətə 20 faiz təklifi mövqe ayrılığına səbəb olan başlıca səbəbdir".

İ. Bratçikov hesab edir ki, ölkə başçılarının Həştərxan görüşündə Xəzərin hüquqi statusunun müəyyənləşməsində inkişaf əldə olunacaq: "Əminəm ki, Həştərxanda konvensiyanın açıq qalan aspektləri barədə razılıq əldə olunması istiqamətində böyük addım atılacaq, hansı ki, bu bizə həqiqətən finişə çıxmağımıza imkan verəcək".

Diplomat Moskvanın Xəzər dənizinin milli sektorlara bölünməsinin əleyhinə olduğunu bəyan edib: "Rusiya tərəfi Xəzər dənizinin milli sektorlara bölünməsi ilə bağlı mövqeni bölüşmür. Moskva əvvəldən bu prinsip əsasında Xəzər dənizinin bölünməsinin əleyhinə çıxış edib. Əvvəl Moskva milli zonalar adlandırılan, sahildən 25 dəniz mili məsafədə zonaların yaradılması ilə razılaşıb. Bu milli zonalardan kənardakı hövzə ümumi su məkanı olmalıdır".

AzNews.az