XİN başçısı fitnəkardır

"Öz fikirlərində Azərbaycanı ləkələmək üçün primitiv fəndlərdən istifadə edən Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyanın fitnəkar və həqiqətə uyğun olmayan bəyanatı bir diplomat kimi onun peşəkar keyfiyyətlərinə şübhə etməyə əsas verir".

Bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistan XİN-in rəhbərinin son bəyanatını şərh edərkən bildirib. Nalbandyan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təhdid edəcəyindən ehtiyatlandığını bildirib.

"Rəhbərliyinin göstərişi ilə snayperləri günahsız insanlara, qadınlara atəş açan və uşaqlara qarşı terror təşkil edən Ermənistanın nümayəndəsinin Azərbaycana qarşı mənasız ittihamlar irəli sürməyə haqqı yoxdur", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan sovet dövründə olduğu kimi, bu gün də özünün çoxmillətli mədəniyyəti və tolerantlığı ilə fəxr edir. Abdullayev deyib ki, beynəlxalq arenada Azərbaycan həmişə mədəniyyətlərarası və millətlərarası dialoq üzrə tədbirlərin təşəbbüskarı kimi çıxış edib. "Azərbaycan Ermənistandan fərqli olaraq, həm çoxmillətli əhali, həm də qonaqlar üçün təhlükəsiz yerdir", - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Bununla yanaşı, Abdullayev deyib ki,Ermənistan rəhbərliyinin törətdiyi dəhşətli etnik təmizləmərdən və digər millətlərin nümayəndələrinin qovulmasından sonra məhz Ermənistan monoetnik ölkəyə çevrilib və bu fakt özü-özlüyündə çox şey deyir. "Hakimiyyəti daim azərbaycanlıların və ermənilərin bir yerdə yaşa bilməzliyini və Xocalı soyqırımının Ermənistanın öz məqsədinə nail olmaq üçün nəyə hazır olduğunu nümayiş etdirdiyini təkrar edən bir ölkənin naziri hansı təhlükəsizlik haqqında danışa bilər?!", - XİN nümayəndəsi bildirib.

Ədil
AzNews.az