Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcəklər

Azərbaycanın, Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamara Beruçaşvili gələn həftə Türkiyədə bir araya gələcəklər.

Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, nazirlərin sammiti dekabrın 10-da Qars şəhərində baş tutacaq.

"Görüş çərçivəsində nazirlər ortaq maraqlar üzrə məsələlərdə regional əməkdaşlığın inkişafı perspektivlərini, həmçinin, əvvəlki görüşlərdə qəbul edilmiş qərarları müzakirə edəcəklər", - deyə Türkiyə XİN-dən bildirilib.

Xatırladaq ki, ilk belə sammit 2012-ci ildə Türkiyənin Trabzon şəhərində, ikinci görüş 2013-cü ildə Tiflisdə, üçüncü isə 2014-cü ilin fevralında Azərbaycanın Gəncə şəhərində keçirilib.