Turqut Özalın cəsədi ilə bağlı ŞOK məqamlar - Cəsəd cürüməyib

Nəşin çox korlanmamasının səbəbi onun ölümündən 5 gün sonra dəfn edilməsi ilə bağlı ola bilər



Bu günlərdə Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzardan çıxarılan nəşinin vəziyyəti ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Hökumət nümayəndələrindən birinin məlumatına görə, məzar açılan zaman olduqca təsiredici mənzərə ortaya çıxıb.

Məlum olub ki, keçmiş dövlət başçısının bədəni çürüməyib. Belə ki, 19 il əvvəl basdırılan meyitin xüsusilə bel nahiyəsindən başa qədər olan hissəsi daxili orqanları ilə birlikdə tam qorunmuş bir vəziyyətdə qalıb.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir. Bu məsələ ilə bağlı çox müxtəlif fikirlər səsləndirilib. Belə ki, adı açıqlanmayan hökumət nümayəndəsi bunu məzara aydın olmayan səbəbdən suyun sızması ilə izah edib. "Məhkəmə tibbi ekspertizasında bu proses "mumiyalaşma" adlandırılır. Hava ilə azacıq belə təmas olmadığından bədəndə xüsusi qoruyucu təbəqə əmələ gəlir", - o deyib.

Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) keçmiş komandiri, istefada olan mayor Ömər Şarlakın sözlərinə görə, Özalın nəşinin çox korlanmamasının səbəbi onun ölümündən 5 gün sonra dəfn edilməsi ilə bağlı ola bilər. Şarlak buna formalin maddəsi ilə edilən dərmanlamanın təsir edə biləcəyini qeyd edib. Qeyd edək ki, Gülhanədəki dərmanlama əməliyyatı patoloq-anatom Rıfkı Finin rəhbəriyi ilə həyata keçirilmişdi.

Şarlakın fikrincə, nəşin korlanmamasına ondakı zəhərli maddə də təsir edə bilər. Ədliyyə sahəsində çalışan digər mütəxəssis professor Sevil Atasoy isə Özalın nəşinin tədqiqat üçün inanılmaz dərəcədə yaxşı qalmasını yağ toxuması ilə əlaqələndirib.

"Soyuq və nəmli mühitdə normal çürümə prosesi yavaşıyır, uzun müddət su altında qalmaqdan bədən çaşdırıcı dərəcədə qorunmuş şəkildə qala bilər, dəri altında lipid yağlarının hidroliz və hidrogenlənməsi nəticəsində piy meydana gəlmişsə, bunun çürüməyə qarşı xüsusilə qoruyucu təsiri var. Yaş torpaqda, gölün dibindəki palçıqda, eləcə də ağzı yaxşıca bağlı tabutda heç bir əməliyyata məruz qalmamış meyitlərdə belə piyin meydana gəlməsinə rast gəlinir.

Belə ki, XIII əsrdən qalma bir uşaq beyninin sol yarısında onun bütün növ xüsusiyyətini aşkar etmək mümkün olub. Qadınlarda, uşaqlarda və artıq çəkili şəxslər daha çox bədən yağına malik olduqlarından onlarda piyin meydana gəlməsi mümkündür", - Atasoy cəsədin korlanmamasının səbəbini belə izah edib.

AzNews.az