Turqut Özal yenidən dəfn edildi

Ankara Respublika Prokurorluğunun qərarı ilə məzarı açılan və cəsədindən nümunələr götürülən Türkiyənin 8-ci prezidenti Turqut Özalın nəşi bu gün İstanbulda yenidən dəfn edilib.

APA-nın xəbərinə görə, T. Özalın Türkiyə bayrağına sarılan tabutu bu gün səhər cənazə avtomobilinə qoyularaq polislərin müşayiəti ilə Ədliyyə Tibb Qurumundan Topqapıdakı məzarlığa aparılıb. Məzarlıqda əsgərlər tabutu çiyinlərinə alaraq məzara doğru aparıblar. Jurnalistlər məzarın ətrafına buraxılmayıb. T. Özalın nəşi dini qaydalara uyğun şəkildə yenidən dəfn edilib.

Dəfndə T. Özalın həyat yoldaşı Səmra Özal, oğlu Əhməd, qızı Zeynəb, Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış, İstanbulun bələdiyyə sədri Qədir Topbaş və digər şəxslər iştirak edib. Ailənin istəyi ilə məzarın üstü əvvəl olduğu kimi, mərmərlə örtülməyəcək və torpaq olacaq. Qeyd edək ki, T. Özalın cəsədindən götürülən nümunələrin toksikoloji və kimyəvi analizi aparılacaq və onun zəhərlənib-zəhərlənmədiyi müəyyənləşdiriləcək.

AzNews.az